Kəskin qarın

Kəskin qarın termini altında səbəbi bəlli olmayan kəskin şiddətli və ya kəskin təkrarlanan, qayıdan qarın ağrıları nəzərdə tutulur. Kəskin qarın zamanı təcili diaqnostikaya və çox vaxt cərrahi əməliyyata ehtiyac duyulur [1][2][3].

Kəskin qarın
XBT-10 R10.0
XBT-9 789.0
MeSH D000006
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kəskin qarına aşağıdakılar səbəb ola bilər:

  • Kəskin xolesistit
  • Kəskin pankreatit
  • Kəskin appendisit
  • Bağırsaq keçməməzliyi - (lat. ileus)
  • Kəskin peritonit
    • Mədə və onikibarmaq bağırsaq xoralarının perforasiyaları (deşilməsi)
    • Bağırsaq divertikulitlərinin perforasiyaları
    • Öd kisəsi divarının perforasiyası
  • Mezenterial infarkt (müsariqə arteriyalarının trombozları nəticəsində meydana çıxan bağırsaq nekrozu).
  • Böyrək sancıları
  • Qarın aortası anevrizması
  • Partlamış ektopik hamiləlik
  • metabolik xəstəlik (şəkərli diabet sonucunda laktasidoz)

Kəskin qarının əsas kliniki bəlirtiləri aşağıdakılardır:

  • şiddətli qəfləti və ya daimi yerli yaxud yayılan qarın ağrıları
  • peritoneal əlamətlər (əzələ gərilməsi - qarın divarının hissəvi və ya tam gərginliyi taxta qarın — Şotkin-Blyumberq simptomu)
  • bağırsaq peristaltikasının pozulması (köpmə, ürək bulanması, qusma)
  • qan dövranının pozulması, şok (dəri örtüklərinin avazıması,rəngin solğunlaşması, yapışqan tər, gözlərin çuxura düşməsi,tezləşmiş zəif nəbz, arterial təzyiqin düşməsi)
  • defekasiya(nəcisin ifrazı) aktının olmaması
  • ümumi vəziyyətin pozulması.

Ağrılar və anatomik bağlılığı

[redaktə | mənbəni redaktə et]
Ağrıların yeri Anatomik bağlılıq
Yuxarı orta qarın nahiyəsi Mədə, köndələn çənbər bağırsaq
Sağ yuxarı qarın kvadrantı Qaraciyər, öd kisəsi, mədə çıxacağı, onikibarmaq bağırsaq
Böyür Böyrək, mədəaltı vəzi
Göbək ətrafı Bağırsaq, göbək yırtığı, bağırsaq yapışmaları
Sol aşağı qarın Divertikulit, qasıq yırtığı
Sağ aşağı qarın Appendisit, qasıq yırtığı
Büzdüm düz bağırsaq, uşaqlıq

Ağrılar xasiyyətcə 3 cür olur:

  • Tutmaşəkilli visseral ağrılar küt, dərin, diffuz (yayqın), çox vaxt tutmaşəkilli (intensivliyinə görə artan-azalan) olur, xəstə dəqiq yerini söyləyə bilmir. Visseral ağrılar boşluqlu orqanın şişib gərilməsi, əzələ yığılmaları (spazmaları), bağırsağın ağrıverici hiperperistaltikası və yaxud orqan kapsulunun qəfləti gərilməsi sonucunda meydana gəlir, məsələn: sidik axarı sancısı, öd kisəsi sancısı, qara ciyər kapsulunun gərilməsi.
  • qəfləti güclü ağrılar hansısa boşluq orqanının dəlinməsi və ya qarın aortası anevrizmasının əlaməti ola bilər.
  • Sürəkli somatik ağrılar kəskin, yandırıcı olur, xəstə dəqiq yerini deyə bilir. İltihab (örnəyin appendisit), zədə və ya orqanın emboliyası (damar tıxanması) nəticəsində əmələ gəlir və peritondan, mezenterdən mezokolondan yaxud peritonarxası sahədən qaynaqlanır.

Əzələ defansı (taxta qarın)

[redaktə | mənbəni redaktə et]

Əzələ defansı (əzələ müdafiəsi) yerli başlayıb bütün qarına yayıla (taxta qarın, peritonizm) bilər. Əgər peritonizm qızdırma və iltihab göstəricilərinin (C-reaktiv zülal, leykositoz) qalxmasıyla müşahidə olunursa, bu, artıq kəskin qarının peritonitlə müşayiət olunması haqqda xəbər verir.

Kəskin qarınlı xəstədə xəstəxananın qəbul şöbəsində anamnezi toplanmalı, fizikal (bədən) , ultrasəs, qarın rentgeni müayinələrindən və gərəkirsə hətta qarın kompüter tomoqrafiyasından keçməlidir.

Anamnez (xəstəlik hekayəsi)

[redaktə | mənbəni redaktə et]

Sorqulama zamanı aşağıdakı sualların cavabını bilmək məqsədəuyğundur:

  • Ağrılar nə zaman başladı? - Böyrək sancıları olan xəstə suala dəqiq cavab verir (məs. qəflətən qapını açarkən). Appendisiti olan xəstə isə çox vaxt dəqiq cavab verə bilmir (örnəyin, "günorta yeməyindən sonra).
  • Şikayətlərdən öncə nə baş verib? Şikayətlərdən öncə baş verən üst qarın travması qaraciyər, dalaq və ya bağırsaq yırtılmasından xəbər verə bilər.
  • Ağrıların xarakteri. Tutmaşəkilli ağrılar böyrək və ya öd kisəsi daşları yaxud mexaniki bağırsaq keçməməzliyi zamanı ola bilər. Doğmuş qadınlar belə ağrıları doğum sancılarına bənzədir. Davamlı və artan ağrılan iltihabi prosesdən xəbər verir (appendisit, xolesistit, pankreatit). Əgər başlanğıcda güclü ağrılar səngiyib yenidən başlayırsa bu həm də boşluqlu orqanın (mədə xorası, öd kisəsi) dəlinməsi ya da damar tıxanmasının (mezenterial infarkt) əlaməti ola bilər.

Bədən müayinəsi

[redaktə | mənbəni redaktə et]

Auskultasiya (qulaq asma) mütləq perkussiya (tıqqıldatma) və palpasiyadan (əlləmə) öncə aparılmalıdır, çünki sonuncular nəticəsində bağırsaq peristaltikası qıcıqlana və subileusun (yarım-ileus) bəlirtilərini pərdələyə bilər.

  • Normal bağırsaq səsləri - normal peristaltika
  • Güclənmiş bağırsaq səsləri - enterokolit? mexaniki və ya yapışıq bağırsaq keçməməzliyi?
  • Zəifləmiş ya da yox olmuş bağırsaq səsləri - paralitik bağırsaq keçməməzliyi? ishemiya? peritonit? Reflektor olaraq sidik axarlarının sancılarında, pankreatitdə, maddələr mübadiləsinin pozulmasında müşahidə oluna bilər.

Palpasiya (əlləmə) zamanı əzələ defansının (yerli, diffuz) və yırtıqların tipik nahiyələrdə olub-olmadığını yoxlamaq olar.

  • Əgər xəstə nöqtəvari ağrısı olduğunu deyirsə və ağrıyan nahiyəyə göstərirsə, o zaman ağrıların haradan qaynaqlandığını aşkarlamaq üçün Karnett-testi keçirilməlidir: həmin yerdə dərin palpasiya aparılır. Ağrılar dəyişməz olaraq qalırsa və ya güclənirsə (test müsbətdir), ağrılar qarın divarından qaynaqlanır (sinir, əzələ, sümük). Əgər ağrılar azalır və ya yox olursa (test mənfidir), onda ağrılar qarın boşluğundan gəlir.

[4]

Laborator diaqnostika

[redaktə | mənbəni redaktə et]

Minimal diaqnostika proqramına aşağıdakılar daxildir:

  • C-reaktiv zülal
  • hemoqram (hemoqlobin, hematokrit, leykositlər)
  • qaraciyər göstəriciləri: bilirubin, GOT, GPT, GGT, alkal fosfataza
  • Lipaza, Amilaza
  • Elektrolitlər (Na+, K+, Ca+)
  • Kreatin kinaza
  • Kreatinin
  • Qanda şəkər
  • Laktat
  • Sidik analizi.

İlk tibbi yardım

[redaktə | mənbəni redaktə et]

Təcili cərrahi klinikaya xərəkdə aparılmalıdır. Heç bir narkotik analgetik istifadə etmək olmaz, çünki xəstəliyin klinik şəkli dəyişib, daha da ağırlaşa bilər. İşlədicilər və antibiotikiklərdən istifadə qəti qadağandır.

  1. Walter Siegenthaler. Differential diagnosis in internal medicine: from symptom to diagnosis Arxivləşdirilib 2023-07-26 at the Wayback Machine
  2. "UpToDateAz - Qarın boşluğunun bəzi kəskin və təxirəsalınmaz müdaxilə tələb edən patologiyaları". 2015-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-20.
  3. Lankisch P. G., Mahlke R., Lübbers H. Das akute Abdomen aus internistischem Sicht Arxivləşdirilib 2016-03-28 at the Wayback Machine. Deutsches Ärzteblatt, Jg. 103, Heft 33, 18. August 2006.
  4. Trentzsch H., Werner J., Jauch K.-W. Der akute Abdominalschmerz in der Notfallambulanz – ein klinischer Algorithmus für den erwachsenen Patienten.[ölü keçid]