Vəhy
Vəhy – teologiyanın əsas anlayışı olub, mistik nurlanma halında fövqəltəbii reallığın fövqəlhissi dərkini ifadə edir. Dini məntiq isə vəhyin bütün varlıqların əsl və həqiqi yaradıcısının var olduğuna işarə etdiyini bir mənalı şəkildə iddia edir. Vəhy bu mənanın təsdiqləyicisi kimi çıxış edir. Bu yaradılmış məxluqların mövcud olduqları formaların ən doğrusu olduğunu, o anda, o məkanda bu formanın, vəziyyətin xaricində digərinin qeyri-mümkün olduğunu da ifadə edir.
Vəhyin mahiyyəti dini istilahların məntiqi izahına tabedir. Vəhyin mahiyyətinin iki tərəfi vardır.:
Vəhy Tanrının əmr və xəbərlərini yaratdıqlarına çatdırma tərzidir.
Tanrıdan yaratdıqlarına çatdırılan biliyin tipidir.Vəhy həm məhdud çərçivədə ilahi biliyin seçilmiş insana, peyğəmbərə göndərilmə prosesinin adı, həm də çatdırılan biliklərin məcmusudur. İstər yəhudilərin Tövratı, istərsə də xristianların İncili, yaxud da müsəlmanların Qurani Kərimi həmin din mənsublarına görə, dini kitablar olmaqla bərabər, həm vəhy əsəridir, həm də bilavasitə vəhyin özüdür.
Dini istilah olaraq vəhy termini müxtəlif mənalarda səsləndirilir. Bu ifadələr doğru başa düşülmədiyi təqdirdə, cəmiyyətdə fərqli fikir ayrılıqlarına yol aça bilir.