Ələmdar Əlbəndov
Ələmdar Əlbəndov | |
---|---|
Doğum tarixi | 8 yanvar 1940 (84 yaş) |
Doğum yeri | |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri |
Ələmdar Aslan oğlu Əlbəndov – kimya üzrə fəlsəfə doktoru, professor
Həyatı
Ələmdar Aslan oğlu Əlbəndov – kimya üzrə fəlsəfə doktoru, professor, 1940-cı ildə Kəlbəcər rayonunun Zar kəndində kolxozçu ailəsində anadan olmuşdur.
Ələmdar Əlbəndov 1958-ci ildə Kəlbəcər orta məktəbini əla qiymətlərlə başa vuraraq Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) kimya-biologiya fakültəsinə daxil olmuşdur. Ələmdar Əlbəndov “Kimya-biologiya bülleteni”nin, “İti gözlər” adlı satirik divar qəzetinin redaktoru kimi müxtəlif ictimai işlərdə fəaliyyət göstərir. O, Lenin təqaüdünə layiq görülür.
Görkəmli alim k.ü.e.d., prof. Allahverdi Verdizadə Ələmdar Əlbəndovu istedad və bacarığına görə elmi işə cəlb edir. Ona “Sirkoniumun mikroperyodatometrik təyini” mövzusunda elmi iş aparması həvalə edilir. Bu sahədə onun apardığı elmi-tədqiqat işləri elmi-praktiki konfranslarda məruzə edilərək yüksək qiymətləndirilir.
Fəaliyyəti
1963-cü ildə institutu bitirən Ələmdar Əlbəndovun təyinatını Kəlbəcərə verirlər. O, öz doğma kəndində orta məktəbə direktor təyin edilir.
Ələmdar Əlbəndov 1964-cü ilin dekabrında Azərbaycan SSR EA-nın “Qeyri-üzvi və Fiziki kimya İnstitutu”nun əyani aspiranturasına qəbul olunur.
Ələmdar Əlbəndov 1968-ci ildə “Platinin Reyneke duzu ilə sürətli və dəqiq təyini” mövzusunda dissertasiya işi müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi adını alır. O, platinin dəqiq və sürətli təyininin yeni qravimetrik, potensiometrik və fotometrik metodlarını işləyib hazırlayır və bu metodlar təbii obyektlərdə, müxtəlif ərintilərdə, anod şlamında platinin praktiki təyininə tətbiq edilərək yüksək qiymətləndirilir. SSRİ-nin görkəmli alimləri: Latviya SSR EA-nın Qeyri-üzvi Kimya İnstitutunun “kristallokimya” laboratoriyasının müdiri akademik A.F.İevınşa və həmin institutun “Daxili komoleks birləşmələr” laboratoriyasının müdiri prof. Y.A.Bankovski, Rostov Dövlət Universitetinin “Analitik kimya” kafedrasının müdiri, əməkdar elm xadimi, prof. P.N.Kovalenko və başqaları Ələmdar Əlbəndovun dissertasiya işini yüksək qiymətləndirmişlər.
1970-ci ildən etibarən Ələmdar müəllim fəaliyyətini ali təhsillə bağlayır. O, əvvəlcə müsabiqə yolu ilə Neft və Kimya İnstitutunun Analitik kimya kafedrasına dosent vəzifəsinə seçilir. 1 sentyabr 1971-ci ildən etibarən Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin göndərişi ilə 1970-ci ildən bünövrəsi qoyulmuş Azərbaycan Politexnik İnstitutunun Gəncə filialında əmək fəaliyyətinə başlayır. Kimya fənlərinin tədrisi və onların maddi-texniki bazasının yaradılması işlərinə rəhbərlik Ə.Əlbəndova həvalə olunur. O, ictimai əsaslarla kimya kafedrasını təşkil edib ona rəhbərlik edir, az sonra filialda müasir kimya laboratoriyaları təşkil olunur.
Ələmdar Əlbəndov respublikanın müvafiq ali məktəblərində müəllim və tələbələr tərəfindən geniş istifadə olunan respublika Təhsil Nazirliyinin təsdiq etdiyi və “Elm” nəşriyyatı tərəfindən nəşr olunmuş “Analitik kimya”, “Ümumi kimya”, “Ümumi və qeyri-üzvi kimya” kimi irihəcmli fundamental dərsliklərin müəllifidir.
Ə.Əlbəndovun “Analitik kimya” kitabı respublikada analitik kimya kursu üzrə nəşr olunan ilk dərslikdir. Onun Təhsil Nazirliyinin təsdiq etdiyi kimyanın ən fundamental nəzəri hissələri üzrə yazdığı “Atomun quruluşu və kimyəvi rabitə”, “Kimyəvi termodinamika və kinetikanın əsasları”, “Ümumi və qeyri-üzvi kimya praktikumu” və s. dərs vəsaitləri kimyanın tədrisində tələbələr tərəfindən geniş istifadə olunan əsas tədris vəsaitlərindəndir. Uzun illərdir ki, Texnologiya Universitetində kimyadan laboratoriya dərsləri vahid praktikum kimi Ələmdar Əlbəndovun “Ümumi və qeyri-üzvi kimya praktikumu” əsasında tədris olunur.
O, bir çox metodik göstərişlərin, fənn proqramlarının və elmi-kütləvi əsərlərin də müəllifidir.
Ələmdar Əlbəndov təhsillə yanaşı, elm sahəsində də böyük uğurlar əldə etmişdir. O, Azərbaycan SSR EA-nın redaksiya-nəşriyyat şurasının qərarı ilə nəşr olunmuş “Tiokarbamidmetalreynekeatların nəcib və əlvan metalların analitik kimyasına tətbiqi” adlı monoqrafiyanın, yerli və xarici elmi jurnallarda, məcmuələrdə, konfrans materiallarında dərc olunmuş 140-dan çox elmi əsərin müəllifidir.
Professor Ə.Əlbəndov Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının üzvü seçilmişdir.
Ə.Əlbəndovun 52 illik elmi-pedaqoji fəaliyyətinin 44 ili Azərbaycan Texnologiya Universiteti ilə bağlıdır. Təhsilin maddi-texniki bazasının təşkilində, təhsildə aparılan islahatların həyata keçirilməsində, yüksək ixtisaslı kadr hazırlığında böyük xidmətləri vardır. Universitet elmi-şurası Ələmdar Əlbəndovun elmi-pedaqoji sahədə əldə etdiyi yüksək nailiyyətləri rəhbər tutaraq onu universitetin fəxri professoru elmi adına layiq görmüşdür.
Ali təhsil sistemində səmərəli xidmətlərinə görə prof. Ə.Əlbəndov SSRİ Təhsil Nazirliyinin “Ali təhsildə əla xidmətlərinə görə”, respublika Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanları və fəxri fərmanları ilə təltif olunmuşdur. Ələmdar Əlbəndov ailəlidir. İki oğlu, dörd nəvəsi vardır.
Ən mühüm əsərləri
- Analitik kimya. Bakı: Elm, 2008.- 628 s.
- Ümumi kimya. Bakı : Elm, 2011. - 616 s.
- 8 yanvarda doğulanlar
- 1940-cı ildə doğulanlar
- Yaşayan insanlar
- Kəlbəcər rayonunda doğulanlar
- Professorlar
- Azərbaycan Texnologiya Universitetinin müəllimləri
- Əlifba sırasına görə alimlər
- Kəlbəcərdə doğulanlar
- Kimya üzrə fəlsəfə doktorları
- Azərbaycan Dövlət Pedaqoji İnstitutunun məzunları
- Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının üzvləri
- Nyu-York Elmlər Akademiyasının üzvləri