Əflatun Saraçlı

Vikipediya, azad ensiklopediya
217.25.17.125 (müzakirə) tərəfindən edilmiş 10:52, 26 mart 2009 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Əflatun Saraçlı (Əflatun Yunis oğlu Məmmədov) – şair, tərcüməçi, ədəbiyyatşünas. Əflatun Saraçlı 1936-cı il dekabr ayının 5-də Gürcüstan Respublikası Bolnisi rayonun Saraçlı kəndində anadan olmuşdur. 1944-1952 ci illərdə kənd səkkizillik məktəbində, 1952-1956 cı illərdə Borçalı (Marneuli) Pedaqoji Məktəbində təhsil almışdır. 1956-cı ildə Tbilisi Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olmuş, 1961-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək həmin institutun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında laborant və müəllim vəzifələrində işləmişdir. 1961-ci ildə Bakıya gələn Əflatun müəllim Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutuna kiçik elmi işçi vəzifəsinə qəbul olunmuş, 1967-ci ildə "Azərbaycan uşaq mətbuatında ədəbiyyat məsələləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi-alimlik dərəcəsi almışdır. 1969-cu ildən baş elmi işçi vəzifəsində işləyən Ə.Məmmədov 1984-cü ildə "XIX əsrin sonu–XX əsrin əvvəllərində Azərbaycan bədii nəsrinin inkişaf problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1984-cü ildən həmin institutun aparıcı elmi işçisi, sonra isə ömrünün sonuna kimi şöbə müdiri vəzifəsində çalışmışdır. Əflatun Saraçlı Azərbaycanın tanınmış ədəbiyyatşünas alimlərindən hesab olunur. Onun yüzlərlə elmi məqaləsi və kitabları nəşr olunmuşdur. "Azərbaycan bədii nəsri" , "Abdulla Şaiq", "Zeynalabdin Marağalı" və s. monoqrafiyaları ona böyük şöhrət qazandırmışdır. Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazarlar Birliyinin üzvü Əflatun Saraçlı həm də tanınmış şairlərimizdəndir. O, ədəbi yaradıcılığa ötən əsrin 50-ci illərində başlamışdır. İlk şeri 1956-cı ildə “Stalin yolu” adlı rayon qəzetində işıq üzü görmüşdür. Onun bir çox şeirləri artıq dillər əzbəridir. " Borçalı Harayı" adlı şeirlər toplusu çap olunmuşdur. Əflatun Saraçlı tərcüməçi kimi də səmərəli fəaliyyət göstərmiş, Azərbaycan-gürcü ədəbi əlaqələri, xüsusilə gürcü ədəbiyyatının orijinaldan tərcüməsi sahəsində çox mühüm işlər görmüşdür. M.Cavaxişvilinin “Günahsız Abdulla”, “Ləmbəli” əsərlərini, S.S.Orbelianinin “Uydurmanın hikməti” əsərini, “Bir sinədə iki ürək” (gürcü şairlərinin Azərbaycan mövzusunda şeirləri), gürcü poeziyasından ibarət “Kür Araza qovuşur” kitablarını Azərbaycan oxucusuna təqdim etmişdir. Haqqında professor Ş. Vəliyevin "Əflatun Saraçlı" adlı kitabı nəşr olunmuşdur. Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələri sahəsindəki xidmətlərinə görə Gürcüstan Respublikasının “Şərəf ordeni” ilə təltif olunmuşdur. 2008-ci il yanvarın 22-də Bakı şəhərində vəfat etmişdir.