Əhməd ət-Ticani

Vikipediya saytından
Anvar62 (müzakirə | töhfələr) tərəfindən edilmiş 16:09, 22 noyabr 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

"Əbülabbas Əhməd bin Məhəmməd bin Muxtar bin Səlim ət-Ticani" (d.1737- ö. 1815)— Ticaniyyə təriqətinin qurucusu.

Həyatı

Əhməd bin Məhəmməd 1737-ci ildə Əlcəzairin Tilimsan (Tləmsən) bölgəsindəki Aynimazi qəsəbəsində doğulmuşdu. Bölgəyə köç edən babası burada yaşayan Bərbəri Ticanə qəbiləsindən bir qadınla evləndiyindən ailəsi Ticani nisbəsiylə tanındı. Həyatı haqqındaki bilgilərin böyük bir qismi xəlifələrindən Əli Xarazimin 1802-ci ildə tamamlayıb ona təqdim etdiyi “Cəvahirül-məʿani” və yenə xəlifələrindən İbnül-Müşrinin “Kitabül-Cami”ʿ adlı əsərlərinə əsaslanır. Öz ifadəsinə görə soyu 2-ci imam Həzrəti Həsənə çatır. Ticani on altı yaşında ikən Aynimazidə müdərrislik edən atasını və anasını vəba epidemiyasında itirdi. Quran, hədis, Maliki fiqhi və ədəbi elmləri Tilimsanda oxuduqdan sonra Mərakeşə getdi. Burada Qədiri, Şazəli, Nasıri təriqətlərinin zikr halqalarına qatıldı. Mərakeşdə Şeyx Əhməd Habib bin Məhəmmədin, Səhra şəhərlərindən Abiddə beş il müddətinə Sidi Əbdülqadir bin Məhəmmədin xidmətində oldu. Ardından Tunisə gedib Azvavi zaviyəsində Xəlvəti şeyxi Mahmud bin Əbdürrəhmanın söhbətlərinə qatıldı. Bir il sonra Qahirədə Xəlvəti şeyxi Mahmud əl-Kürdi ilə tanış oldu. Dekabr 1773-cü ildə Məkkəyə çatıb, hac fərizəsini yerinə yetirdi və iki il Məkkədə qaldı. Bu sırada Hindistanlı Şeyx Əhməd bin Abdullah ilə tanış oldu. İki aylıq bərabərliyin ardından vəfat edən Əhməd bin Abdullah, Ticanini yerinə xəlifə olaraq buraxdı. Mədinədə Məhəmməd bin Əbdülkərim əs-Səmman ilə görüşüb ondan Səmmaniyyə icazəti aldı. Hac dönüşü təkrar Misirə uğrayan Ticani, şeyxi Mahmud əl-Kürdidən icazət alıb xəlifə sifətiylə Əlcəzairə döndü.