Şisa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Naha şəhərində şisa.

Şisa (シーサー?)Ryukyu mədəniyyətində şirə oxşar dekorativ heykəlciklər.[1] Ənənəvi Okinava evlərinin damlarında və girişlərində qoyulur.[1] Müasir Okinava mədəniyyətinin talismanı hesab olunduğu üçün turistlər kiçik versiyalarını suvenir kimi alırlar.[1]

Tarixi

Şisanın mənşəyi qədim Çində hazırlanan şir heykəlləri ilə bağlıdır.[1] Şirlər cəsarət və güc simvolu hesab olunduğu üçün hökmdarların gücünü simvolizə edirdi.[1] Ryukyu adalarında şirlər yaşamasa da, Çinlə ticarət əlaqələri sayəsində əhali şir heykəlləri ilə tanış olmuş və şirləri şəri qovan mifik varlıqlar hesab etmişdir.[1] Bu səbəbdən şisalar tam olaraq şirə oxşamırlar, hətta Yaponiyadakı şinto məbədlərində qoyulan şir-it heykəllərinə oxşayırlar.[1]

Okinavanın şimalında və Yaeyama adalarında "şisa" əvəzinə "şişi" sözündən istifadə olunur.[1] Qədim yapon dilində "şişi" sözü şir demək idi.[1] Lakin Çin dilində də "şitsi" sözü şiri bildirdiyi üçün bu sözün Çinin təsiri ilə yarandığı və daha sonra "şisa" sözünə təkamül etdiyi düşünülür.[1]

Növləri

Dekorativ şir heykəllərindən istifadə ənənəsi Ryukyu sarayında başlamışdır.[1] Ryukyu hökmdarı Eysonun məzarında daşdan hazırlanmış şir heykəli, 1501-ci ildə tikilmiş Tamaudun mavzoleyində isə üç şir heykəli yerləşir.[1] Hökmdarların məzarları, məbədlər və qəsrlər üçün hazırlanmış bu cür xüsusi şir heykəlləri miyacişi adlanır.[1]

Şisaların ikinci kateqoriyası muracişi adlanır.[1] Bu cür şisalar şəri qovmaq və yanğından qorunmaq üçün kəndlərin girişində qoyulurdu.[1] Ən qədim muracişi Yaese qəsəbəsində yerləşən Tomori yaşayış məntəqəsindədir.[1] Əfsanəyə görə Tomori tez-tez yanğınların baş verdiyi yer idi və kəndlilər bunun səbəbkarı kimi Yaese dağını hesab etmişdirlər.[1] Kəndlilər dağın qarşısında şir heykəli qoymuş və nəticədə, yanğınlar səngimişdir.[1]

Şisaların üçüncü növü ieşişi adlanır.[1] İeşişi ənənəvi evlərin darvazalarında, damlarında və ya girişlərində qoyulur.[1] Onların şəri qovduğuna inanılır.[1] Müasir dövrdə insanların çoxu mənzillərdə yaşadığı üçün evin içində kiçik şisalar qoymaq populyarlaşmışdır.[1]

Xüsusiyyətlər

Adətən darvazanın qabağına bir cüt şisa qoyulur: birinin ağzı açıq, digərinin isə qapalı olur.[1] Ağzı açıq olan erkək, ağzı bağlı olan isə dişi kimi qəbul olunur.[1] Onlar birlikdə başlanğıcı və sonu təmsil edirlər.[1] Buna baxmayaraq, şisa tək olaraq da qoyula bilər.[1]

Qalereya

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 ""Shīsā": Guardian Deities of Okinawa". Nippon.com (ingiliscə). 11 mart 2022. 2022-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2023.