Kulevi terminalı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Kulevi neft terminalı və limanı Gürcüstan Respublikasının Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminalın 2006-cı ildə alınması və 2008-ci ildə tikintisinin başa çatdırılması, ARDNŞ-nin Gürcüstan ərazisindəki ən əhəmiyyətli investisiya yatırımlarından biridir. Kulevi neft terminalı və limanı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub.[1]

Tarixi

8 sentyabr 1999-cu ildə Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze Kulevi terminalının tikintisi barədə sərəncam vermişdir. Tikinti işlərinə 2000-ci ildə başlanılıb. Terminalın tikintisi Gürcüstanın Aqromar LTDGürcüstan Dəmiryolları şirkəti tərəfindən aparılsa da, 2002-ci ildə tikinti işləri maliyyə çatışmazlığı və ətraf mühitə dəyən ziyan səbəbindən dayandırıldı. Tikinti işləri 2004-cü ilin sentyabrında gürcü biznesmeni Badri Patarkatsişvilinin nəzarətində olan beynəlxalq konsorsium tərəfindən yenidən bərpa edildi. 2006-cı ildə Badri Patarkatsişvili terminalı Azərbaycanın Dövlət Neft Şirkətinə məbləği gizli saxlanan pul müqabilində satdı. Terminal 2008-ci ilin may ayında istifadəyə verilmişdir. 2012-ci ildə terminal daha da genişləndirilərək propilenin daşınması üçün yeni kompleks tikilmişdir.[2]

Texniki Göstəriciləri

Terminal müasir infrastruktura malikdir. Dörd xəttli dəmiryol estakadası eyni zamanda 168 sisternin boşaldılmasına imkan verir. 16 rezervuardan ibarət çən parkının ümumi tutum həcmi 320 000 m³ bərabərdir. Dəniz limanı 40 000 və 100 000 tonluq neft tankerlərini qəbul edə bilən yükləmə platformalarından ibarətdir ki, bunların da hər birində eyni zamanda uyğun həcmli neft tankerləri qəbul edilə və 8 000–12 000 m³/saat tezliyi ilə yüklənə bilər.

İstinadlar

  1. "Socar-ın rəsmi internet səhifəsi". 2012-02-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-12.
  2. "Startup of propylene transshipment complex in Kulevi". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-18.

Xarici keçidlər