Sabir Adnayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sabir Adnayev
Doğum yeri

Adnayev Sabir Adnayeviç (Rusiya Sovet Federativ Sosialist Respublikası) — 1949-cu il noyabrın 7-də SSRİ-nın Murom şəhərində (hazırkı Rusiya Federasiyasında) anadan olmuşdur, Azərbaycan vətəndaşıdır, Azərbaycan Respublikasının əməkdar həkimi, fəlsəfə doktorudur. Azərbaycanda ilk özəl tibbi servis şirkəti "MediClub" MMM-nin, Sığorta şirkəti "A-Group" Açıq Səhmdar Cəmiyyətinin təsisçisi və sahibi, Milli İdman Tibb və Reabilitasiya İnstitutunun (MİTRİ) sabiq direktoru, Gürcüstanda isə "MediClubGeorgia"-nın təsisçisi və həmsahibidir.

Həyatı

Sabir Adnayev hərbi qulluqçu ailəsində anadan olub. Ailənin yeganə övladıdır. Atası – Adnayev Adna Bayramqulu oğlu – Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) polkovniki, əməkdar çekist. Anası – Adnayeva Lyudmila Mixaylovna – əməkdar müəllim, fizika və riyaziyyət pedaqoqu. 1957-ci ildə ailə Bakıya köçüb. Sabir Adnayev Bakıda 160 saylı orta məktəbi bitirib. 1966–1972-ci illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsində təhsil alıb. 1983–1987-ci illərdə Leninqrad Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda "İctimai gigiyena və səhiyyənin təşkili" ixtisası üzrə qiyabı aspirantura keçib. 1989-cu ildə "Yol qəzalarında təcili tibbi yardımın təşkilinin təkmilləşdirilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib – bu Azərbaycanda ilk təcili tibbi yardımın təşkili üzrə müdafiə olunan dissertasiyadır. Qızı və 2 nəvəsi vardır.

Fəaliyyəti

1981–1994-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təcili tibbi yardımın təşkili üzrə Baş mütəxəssisi olub. 1981–1994-cü illər ərzində Azərbaycan Respublikası Tibb İşçiləri Həmkarlar İttifaqı Komitəsinin rəyasət heyətinin üzvü, 1986–1994-cü illərdə SSRİ Tibb İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin plenumunun üzvü olmuşdur. O, Azərbaycan Respublikasının Səhiyyəsinin təşkilinə mühüm töhfələr vermişdir. 80-ci illərin sonlarında Bakı şəhərinin təcili tibbi yardım xidməti Sovet İttifaqında ən yaxşılardan biri hesab olunurdu. 1986–1994-cü illər Həkimlərin Attestasiya Komissiyasının sədri, 1991-ci ildə "ARXA" adlı Azərbaycanda ilk sığorta səhmdar cəmiyyətinin təsisçisi və prezidenti olmuşdur. 1995-ci ildən Azərbaycanda ən uğurlu on sığorta şirkətlərindən biri olan "A-Group" Açıq Səhmdar Cəmiyyətinin sahibidir. Daha sonra 1998-ci ildə Azərbaycanda ilk özəl tibbi şirkət "MediClub" MMM-ni təsis etmişdir. 1999-cu ildən Gürcüstanda "MediClubGeorgia"-nın yaradıcısı və həmsahibidir. Şirkət şəbəkə strukturuna malikdir və öz fəaliyyəti ilə Xəzər dənizindən Qara dənizə qədər ərazinin əhəmiyyətli bir hissəsini əhatə edir. 2014-cü ildə Milli İdman Tibb və Reabilitasiya İnstitutunu (MİTRİ) yaratmışdır. Hazırda "A-Group" Sığorta Şirkətinin Müşahidə Şurasının sədri, "MediClub" MMM şirkətinin Baş Direktoru, Milli İdman Tibb və Reabilitasiya İnstitutunun (MİTRİ) sabiq direktorudur.7 nəşr edilmiş məqaləsi və 4 səmərələşdirici təklifi vardır.

Əmək Fəaliyyəti

1972–1977-ci illərdə TTYX, 4 saylı Şəhər Klinik Xəstəxana, Azərbaycan SSR Səhiyyə Nazirliyinin IV baş idarəetmənin 1 saylı xəstəxanasının anestezioloq-reanimatoloqu.

1977-ci ildən 1978-ci ilədək Bakı şəhəri "Neft daşları" 12 saylı tibbi-sanitar hissənin Baş həkimi.

1979-cu ildən 1980-ci ilədək Bakı ş. 16 saylı poliklinikanın Baş həkimi.

1980–1994-cü illərdə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Baş həkimi.

1991–1995-ci illərdə "ARXA" Sığorta Səhmdar Cəmiyyətinin Prezidenti.

1998-ci ildən hal-hazıradək özəl tibbi şirkət "MediClub" MMM-nin Baş direktoru.

1995-ci ildən hal-hazıradək "A-Group" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının Direktoru.

2014-cü ildən 2021-ci ilədək Milli İdman Tibb və Reabilitasiya İnstitutunun (MİTRİ) Direktoru olmuşdur.

Mükafatlar

1985-ci ildə səhiyyənin təşkilatı ixtisası üzrə yüksək ixtisas kateqoriyası ilə təltif edilmişdir.

1986-cı ildə " SSRİ Səhiyyəsinin Əlaçısı" fəxri nişanı və "Şərəf nişanı" ordeni ilə,

2015-ci ildə "Azərbaycan Respublikasının Səhiyyə Əlaçısı" fəxri nişanı ilə mükafatlandırılmışdır.

2016-cı ildə Azərbaycan Respublikasının əməkdar həkimi adına layiq görülmüşdür.

Xarici keçidlər