Püstə ağacı (Rasim Babayev)
Püstə ağacı | ||
---|---|---|
| ||
Rəssam | Rasim Babayev | |
Tarixi | 1969 | |
Texnikası | yağlı boya ilə kətan | |
Saxlanıldığı yer | YARAT Müasir İncəsənət Məkanı |
Püstə ağacı — Azərbaycan rəssamı Rasim Babayev tərəfindən 1969-cu ildə tamamlanmış rəsm əsəri. Əsər Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında saxlanılır.
Tarixi və təhlili
[redaktə | vikimətni redaktə et]"Püstə ağacı" tablosu rəssamın ən tanınmış əsərlərindəndir.[1] Tablonun əsas qəhrəmanı elə mərkəzdə geniş və xaotik budaqları ilə əks olunan püstə ağacıdır. Sənətşünas Ülkər Əliyeva qeyd edir ki, əsərin yaranmasının belə bir maraqlı tarixçəsi var. "Rəssamın o zamankı emalatxanası Milli Kitabxananın yaxınlığında yerləşirmiş. Emalatxanasının qarşısında duran püstə ağacı rəssam üçün çox doğma imiş. O, bu ağaca tamaşa edər, xəyallara dalarmış. Lakin bir gün bu püstə ağacı kəsilir və yerinə yeni tipli ağac əkilir. Hadisədən xəbərsiz olan Rasim Babayev gördüyü mənzərədən təsirlənir. O, belə bir qərara gəlir ki, hər gün tamaşa etdiyi "köhnə dostu"nun xatirəsini kətan üzərində əbədiləşdirsin."[1]
Əsərin fonu və yeganə təsvir obyekti olan ağacın rəng koloriti bir-biri ilə səsləşir. Mavi rəngin fonda verilməsi rəssamın keçmişinə bağlılığını, sadiqliyi göstərir. Açıq və tünd qəhvəyi rənglərdə təsvir olunan püstə ağacının üzərindəki faktura isə sanki keçmişin və illərdir mövcud olduğu yerdə bir çox həyat fraqmentlərinə etdiyi şahidliyin izləridir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Rasim Babayevin yaradıcı işləri üçün seçdiyi rəng koloritində hər zaman əsərin məzmunu ilə uyğunluğu müşahidə edə bilərik.[1]
Əsər, sadə kompozisiya quruluşuna malikdir. İzləyici, mərkəzdə hekayənin əsas qəhrəmanı olan püstə ağacını görürür. Lakin onun gövdəsinin və köklərinin torpağa necə güclü bağlı olduğu hissi rəssam tərəfindən izləyiciyə ötürülən bir nüansdır. Ağacın bir-birinin içindən keçən hərəkətli budaqları göyə doğru uzanır. İzləyicinin də baxışını aşağıdan- torpaqdan göyə doğru yönəldir.[1]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Yuxarıda get: 1 2 3 4 Sahəd, Aytac. "Püstə ağacı". www.anl.az. 525-ci qəzet. 2023.- 12 aprel. İstifadə tarixi: 21 avqust 2024.