Müstəqil Azərbaycan Təşkilatı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Müstəqil Azərbaycan Təşkilatı — 1928-ci ildə Bakıda müsavatçılarla ittihadçıların yaratdığı təşkilat.

1927-ci ildə gizli fəaliyyət göstərən müsavatçıların kütləvi həbsindən sonra partiyanın fəallığının zəifləməsi müşahidə olunurdu. Bu şəraitdə müsavatçılar ittihadçılarla ümumi təşkilat yaratmağa cəhd göstərdilər. Şəxsi tanışlıq əsasında bir-birinin mənzillərinə toplaşıb siyasi-ədəbi mövzularda söhbətlər edən müsavatçıları və ittihadçıları Sovet hökumətindən ümumi narazılıq birləşdirirdi.

1928-ci ilin mayında belə yığıncaların birində müsavatçılar və ittihadçılar Mirzə Cəlil Yusifzadə , Əli Heydər Babayev, Əhməd Hacıyev, Yusif Əli Əliyev, Yusif Nəcəfov, Məmməd Salayev və b. "Müstəqil Azərbaycan" adlandırdıqları təşkilatı təsis etmək üçün təşəbbüs mərkəzi yaratdılar. Təşkilatın əsas vəzifəsi Azərbaycan mühacirlərinin işi və beynəlxalq vəziyyət haqqında müntəzəm olaraq informasiya almaq üçün Müsavatın xarici Bürosu və onun İrandakı komitələri ilə əlaqə yaratmaq idi.

1928-ci il mayın axırlarında “Müstəqil Azərbaycan” təşkilatının üzvləri Y.Ə.Əliyev və Ə.Hacıyev Türkiyənin Bakıdakı vitse- konsulu ilə əlaqə yaratmış və onun vasitəsilə Məhəmməd Əmin Rəsulzadə "Ocaq-Saz" qəzeti, antisovet xarakterli şerlər, M.Ə. Rəsulzadəni ailəsinin məktubunu və Bakıdakı müsavatçıların vəziyyətinə dair məktub göndərmişdilər.

Təşkilat sürgündəki müavatçıların vəziyyətini yüngülləşdirmək və Sovet hakimiyyət orqanlarında ümumi vəziyyəti öyrənmək məqsədilə iki nəfər kommunisti öz tərəfinə çəkmişdi. 1928-ci ilin iyulunda kommunistlərdən biri təşkilatın keçirdiyi yığıncaqlarla əlaqədar hökumətin informasiyaya malik olması barədə xəbərdarlıq etmiş və həbslərdən yayınmaq üçün təşkilatın işini dayandırmağı təklif etmişdi[1].

Fəaliyyətlərinə son vermələri

[redaktə | mənbəni redaktə et]

"Müstəqil Azərbaycan" üzvləri güclü represiyalardan ehtiyatlanaraq, fəaliyyətlərini müvəqqəti olaraq dayandırmışdılar.

  • Oruclu M., Azərbaycanda və mühacirətdə Müsavat partiyasının fəaliyyəti (1911–1992), B.,2001.
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 239