Samir Qəfərli
Samir Qəfərli (tam adı: Samir Möhlət oğlu Qəfərli; 1 noyabr 1994, Bərgüşad, Ucar rayonu, Azərbaycan – 30 oktyabr 2020, Laçın, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
== Həyatı ==
Samir Qəfərli 1 noyabr 1994-cü ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olmuşdur. 2001-ci ildə Ucar rayon Bərgüşad kənd Şəhid Ağamusa Mustafayev adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2012-ci ildə həmin məktəbi bitirən Samir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinə qəbul olmuşdur. Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası ilə təhsilini davam etdirmişdir. Təhsilində bir müddət fasilə yaranan Samir 2016-cı ildə təhsilini yenidən davam etdirmiş və 2019-cu ildə həmin məktəbi bitirmişdir. Təhsil aldığı müddətdə Samir Qəfərli Xəzər TV-də yayımlanan "Ata ocağı" serialına çəkilmişdir.
== Hərbi xidməti ==
2019-cu ilin oktyabr ayında Samir Qəfərli hərbi xidmətə yollanmışdır.
=== İkinci Qarabağ müharibəsi ===
Azərbaycan Ordusunun əsgəri olan Samir Qəfərli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Sonuncu dəfə ailəsi ilə 15 oktyabrda əlaqə saxlamışdır.