Məmməd Aranlı
Məmməd Aranlı (tam adı: Ağayev Məmməd Salman oğlu; d.22 oktyabr 1922, Azərbaycan SSR, Ağcabədi rayonu — 7 oktyabr 1950, Bakı şəhəri) — Azərbaycanlı yazıçı-publisist, 1941—1945-ci illər müharibəsi iştirakçısı, 416-cı atıcı diviziyasının "Qızıl əsgər" qəzetinin məsul katibi
== Həyatı və təhsili ==
Ağayev Məmməd Salman oğlu 22 oktyabr 1922-ci ildə Ağcabədidə anadan olmuşdur. İbtidai təhsilini burada və Ağdaş şəhərində almışdır. 1932-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüş və 6 nömrəli Bakı şəhər natamam orta məktəbini bitirmişdir(1932—1935).Sonra M.Sabir adına Pedaqoji Texnikumda təhsil almışdır. O, Ədəbi fəaliyyətə şeir və hekayələrlə tələbəlik illərindən başlamışdır.
== Yaradıcılıq fəaliyyəti ==
1937—1938-ci illərdə "Pioner" jurnalında,1939—1940-cı illərdə isə "Azəbaycan qadını" jurnallarında çalışmışdır. Hekayələri "Yeni il", "Gənc işçi", "Ədəbiyyat" qəzetlərində, "İnqilab və mədəniyyət", "Şərq qadını" jurnallarında dərc olunmuşdur. 1938-ci ildə texnikumu əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutuna qəbul olmuşdur. Burada ədəbiyyat və dil fakültəsində təhsil aldığı dövrdə "Qara xal qız", "Gecənin qəlbi" ,"Aldanmış ümid" və digər hekayələri yazmışdır.
== Döyüş cəbhələrində ==
1941-ci ildə Böyük Vətən Müharibəsinə başladığından İnstitutun son kursundan cəbhəyə getmişdir. O, kiçik leytenant kimi 416-cı atıcı diviziyada xidmətə başlamışdır.