Halis döyüşü
Halis döyüşü və ya Tutulma döyüşü – 28 may, E.ə. 585-ci ildə Halis çayı (Hazırda Türkiyə ərazisində yerləşən Qızılirmaq çayı) sahilində Midiya və Lidiya qoşunları arasında baş vermiş döyüş. II Aliatt və Kiaksar arasında beş il davam edən sərt müharibənin son qarşılaşması olan bu döyüş, günəş tutulması üzündən yarımçıq dayandırılmışdır. Tərəflər döyüş zamanı günəşin tutulmasını pis əlamət kimi qəbul etmiş, tanrıların bu müharibəyə qarşı olduğunu düşünərək razılığa gəlmişlər. Əldə edilmiş razılaşmaya əsasən Halis çayı Midiya və Lidiya arasında sərhəd kimi müəyyənləşdirilmişdir.
== Səbəb ==
Herodot qeyd edir ki, Midiya və Lidiya arasında müharibənin baş verməsinin iki səbəbi olmuşdur. Birincisi hər iki tərəf Anadolu torpaqlarına sahib olmaq istəyirdi, ikinci səbəb isə intiqam idi. Midyaya tabe olan bir neçə skif sərkərdəsi yerli tayfalarla döyüşdən uğursuz nəticə ilə qayıtmış və Kiaksar buna görə onları təhqir etmişdir. Təhqirə cavab olaraq isə skiflər Kiaksarın oğlanlarından birini əsir götürərək özləri ilə birgə Lidiyanın paytaxtı Sard şəhərinə qaçmışdırlar. Kiaksar Lidiya hökmdarından onları tələb etsə də Aliatt skifləri qaytarmaqdan imtina etmiş, nəticədə Midiya hökmdarı Kiaksar Lidiya ərazisinə yürüş etmişdir.