Nuxa-Hürriyyəti-Maarif Cəmiyyəti
Nuxa-Hürriyyəti-Maarif Cəmiyyəti — XX əsrin əvvəllərində Şəkidə fəaliyyət göstərən və əsas məqsədi maarifçilik olan cəmiyyət. Nuxa-Hürriyyəti-Maarif Cəmiyyətinin hədəfləri mövcud təhsil müəssisələrinə yardım etmək, yeni məktəb və mədrəsələr açmaq, tələbələrə təqaüd vermək, müəllimlərin hazırlığını təmin etmək, teatr tamaşaları, elmi və ədəbi məclislər təşkil etmək, vacib kitabları çap etdirmək olub.
Nuxa Hürriyyəti Maarif Cəmiyyəti 1917-ci il aprel ayında yaranıb. Cəmiyyətin 18 nəfər fəxri, 76 nəfər həqiqi üzvü var idi. Cəmiyyətin fəxri sədri Nurmuhəmməd Əfəndi İmamzadə, sədrin müavini və xəzinədar Abdulla Əbdülrəhmanzadə, katibi isə Veysəl Mustafazadə olub. Cəmiyyətin hədəfləri mövcud təhsil müəssisələrinə yardım etmək, yeni məktəb və mədrəsələr açmaq, tələbələrə təqaüd vermək, müəllimlərin hazırlığını təmin etmək, teatr tamaşaları, elmi və ədəbi məclislər təşkil etmək, vacib kitabları çap etdirmək olub.
Cəmiyyət ilk olaraq 60 nəfərə yaxın tələbənin təhsil aldığı ibtidai məktəb müəllimi hazırlayan kurs açdı. Burada təhsil alanlar yalnız Şəkidən yox, həm də Şamaxı, Qaryagin və digər bölgələrdən idilər. Cəmiyyət tələbələrin məişət ehtiyaclarını ödəmək üçün təqaüd də verirdi. Üç aylıq təhsil prosesi başa çatdıqdan sonra uğurla imtahan verən 35 nəfər tələbəyə kursu bitirdikləri üçün diplom verildi.