Nuxa-Hürriyyəti-Maarif Cəmiyyəti — XX əsrin əvvəllərində Şəkidə fəaliyyət göstərən və əsas məqsədi maarifçilik olan cəmiyyət. Nuxa-Hürriyyəti-Maarif Cəmiyyətinin hədəfləri mövcud təhsil müəssisələrinə yardım etmək, yeni məktəb və mədrəsələr açmaq, tələbələrə təqaüd vermək, müəllimlərin hazırlığını təmin etmək, teatr tamaşaları, elmi və ədəbi məclislər təşkil etmək, vacib kitabları çap etdirmək olub.
Nuxa-Hürriyyəti-Maarif Cəmiyyəti | |
---|---|
Növü | Qeyri-hökumət təşkilatı |
Yaranma tarixi | 1917 |
Mərkəzi | Şəki |
Nuxa Hürriyyəti Maarif Cəmiyyəti 1917-ci il aprel ayında yaranıb. Cəmiyyətin 18 nəfər fəxri, 76 nəfər həqiqi üzvü var idi. Cəmiyyətin fəxri sədri Nurmuhəmməd Əfəndi İmamzadə[1], sədrin müavini və xəzinədar Abdulla Əbdülrəhmanzadə, katibi isə Veysəl Mustafazadə olub. Cəmiyyətin hədəfləri mövcud təhsil müəssisələrinə yardım etmək, yeni məktəb və mədrəsələr açmaq, tələbələrə təqaüd vermək, müəllimlərin hazırlığını təmin etmək, teatr tamaşaları, elmi və ədəbi məclislər təşkil etmək, vacib kitabları çap etdirmək olub[2].
Cəmiyyət ilk olaraq 60 nəfərə yaxın tələbənin təhsil aldığı ibtidai məktəb müəllimi hazırlayan kurs açdı. Burada təhsil alanlar yalnız Şəkidən yox, həm də Şamaxı, Qaryagin və digər bölgələrdən idilər. Cəmiyyət tələbələrin məişət ehtiyaclarını ödəmək üçün təqaüd də verirdi. Üç aylıq təhsil prosesi başa çatdıqdan sonra uğurla imtahan verən 35 nəfər tələbəyə kursu bitirdikləri üçün diplom verildi[3].
Qısa müddət ərzində cəmiyyət tərəfindən qəzada 25 məktəb, təhsildən kənarda qalan 200 nəfər üçün isə Vətən məktəbi yaradıldı. Cəmiyyət ehtiyaclı uşaqları pulsuz paltar və məktəb ləvazimatları ilə də təmin edirdi. Bundan başqa cəmiyyətin vəsaiti ilə müəllimlərin əmək haqları verilir, Şəkidə açılan qiraətxanalar, konsert və teatr truppaları da fəaliyyət göstərirdi.[4].
Nuxa-Hürriyyəti-Maarif Cəmiyyətinin sayəsində Şəkidə teatr inkişaf edir. 1920-ci ilə qədər həvəskar fəaliyyət göstərən teatr sonradan professional teatra çevrilib[5].
Cəmiyyətin maliyyə xərclərini Şəki sahibkarları və ziyalıları təmin edirdilər. Cəmiyyət fəaliyyətə başlayanda onun büdcəsinə Abdulla Əbdürrəhmanzadə 300 manat, tacir Cəfər Əbdürrəhmanzadənin oğulları 1000 manat, Mustafa bəy Əlibəyov 200 manat, Hacı Məmmədsadıq Əliyevin vəfatı ilə əlaqədar qardaşları ehsan olaraq 200 manat, Süleyman Məmmədzadə, Həmid Qasımoğlu və doktor Əliabbas Əfəndi Qədimov hər biri 100 manat ianə ediblər[2]. Cəmiyyətin saxlanılmasına daimi olaraq 300 nəfər ianə edirdi. Onların sırasında Ədil xan İlisuyski, Xədicə Əlibəyova, Səlim xan Şəkixanov, Mahmudəli Xələfzadə, Əliabbas Əfəndi Qədimov, Əhməd bəy Şıxmalıbəy oğlu, Əhməd bəy Əfəndizadə və digərləri də var idi.
Cəmiyyət 1918-1919-cu illər ərzində 11 min 611 manat vəsait toplayıb. Bu vəsaitə Şəkidə yeni məktəblər, müəllim hazırlayan kurslar eləcə də şəhərin yuxarı baş hissəsində qızlar məktəbi açıblar[6].
Nuxa-Hürriyyəti-Maarif Cəmiyyətinin məramnaməsi:
Cəmiyyətin qayəsi Cəmiyyətin ümdə məqsədi Nuxa şəhərində və qəzasında sakin türk millətdaşlarının arasında elm və maarifi nəşr etmək və mədəniyyət aləminə sövq etməkdir. 1. Sahei-fəaliyyət a) Hal-hazırda Nuxa şəhərində və qəzasında mövcud məktəb və mədrəsələrə maddi və mənəvi kömək ediyor. b) Təzə məktəb və mədrəsə açanları tərğib və təsviq edir və onlara müavinətdə bulunur. c) Cəmiyyət lazım bildiyi məhəldə və məkanda öz xərcinə ibtidai milli məktəblər açıyor. ç) Rüşdi edadi və darülfünunlarda oxuyan və oxumaq istəyən türk tələbələrinə maddi və mənəvi yardım ediyor. d) Nuxa şəhəri və qəzasında olan fəqir və yetim müsəlman balalarını Cəmiyyət öz himayəsinə alıyor və onların ibtidai təlim və tərbiyəsi haqqında lazımi tədbirlər ittixaz ediyor. 2. Məktəb sirininə qədər olan 57 yaşlı uşaqları tərbiyə üçün Cəmiyyət uşaq baxçaları (Darüttərbiyələr) təsis ediyor. 3. Camaat üçün qiraəti-ümumi məclisi və ümumi milli qiraətxana və kitabxana açıyor. 4. Camaat üçün gecə kursları, cümə məktəbləri və xalq darülfünunları açıyor. 5. Mütaliə üçün və məktəblərdə tədris olunmaq üçün hər qisim ədəbi, elmi, fənni və tarixi kitablar təb və nəşr ediyor və qüvvei-maliyyəsi artdıqca türk dilində qəzetə və məcmuə nəşr ediyor. 6. Millətimizin ədib və şairələrinin əsərlərini toplamaq üçün ədəbiyyat məcmuələri nəşr ediyor. 7. Məktəb və mədrəsələrdən ötrü müqtədir müəllim və müəllimələr tapmaq üçün lazım gələn yerlərə müraciət ediyor. 8. Milli ibtidai məktəblərə müəllim və müəllimələr hazırlamak üçün Qafqasiyada, Türkiyədə və sair məmləkətlərdə olan darül müəlliminlərə təhsil etməyi istedadlı müəllim və müəllimələrdən göndəriyor. 9. Qüvveyi maliyyəsi müsaid olursa, cəmiyyət öz xərcinə müəllimlər kursu, darülmüəllimat açıyor. 10. Müəllim və müəllimələr üçün təlim və tərbiyəyə dair məclislər, müəllimlər şurası və müəllimlər qurultayı düzəldir. 11. Hər zaman teatro, ədəbi müsamirələr, elmi və fənni söhbət məclisləri, seyri-ümumilər və s. bu kibi məclislər tərtib ediyor. 12. Milli musiqi və mahnılarımızı ehya etmək üçün Cəmiyyət lazım bildiyi məktəblərə musiqişünas müəllimlər və müğənnilər dəvət ediyor və yainki musiqi kursları açıyor. 13. Millətimiz arasında sinaət və ziraətin tərəqqi və intişarına təbliğat və təşviqatda bulunur. Bu məqsəd üçün Yevropada mövcud yeni üsuli-sinaət və ziraət haqqında mühazirələr tərtib veriyor və ki, kitabçalar nəşr ediyor və qüvvei maliyyəsi müsayid olursa, yerin əhval və şəraitinə görə arıçılıq, baramaçılıq və maldarlıq kursları, sinaət və ziraət məktəbləri güşad ediyor. 14. Cəmiyyət milli sport (tərbiyei-mədəniyyə) meydançaları təsis ediyor. 15. Millətimizin tarixi və milli asari ətiqələrini torlamaq üçün muzeyxana bina ediyor. 16. Cəmiyyət millətimizin mənafeyinə çalışan ümumtəşkilatlar ilə öz nümayəndələri vasitəsilə əlaqədə bulunur və hər cür milli təşkilatların vücuda gəlməsinə səy və guşəş ediyor. 17. Cəmiyyət əhali ilə daha sıx rabitədə bulunmaq üçün lazım bildiyi məhəllərdə və qəryələrdə öz şöbələrini güşad ediyor. |