Miyanə
Miyanə (yerli əhali arasında Miyana olaraq da adlanır) (fars. میانه) — İranın Şərqi Azərbaycan ostanında şəhər, Miyanə şəhristanının inzibati mərkəzi.
Tehrandan 439 km şimal-qərbdə, Təbrizdən isə 187 km cənub-şərqdə yerləşir.
Əhalisi 200 min nəfərə yaxındır. Təbriz və Marağadan sonra Şərqi Azərbaycan ostanının üçüncü iri şəhəridir.
1828-ci ilin məşhur Türkmənçay müqaviləsinin imzalanma yeri olan Türkmənçay kəndi də məhz indiki Miyanə şəhristanının tərkibində, Miyanə şəhəri yaxınlığında yerləşir.
== Etimologiyası ==
Bölgənin adı çox güman ki farsca "orta, mərkəz" mənalarını daşıyan "miyan" sözüylə bağlıdır; belə halda "Miyanə" adını "mərkəzdə yerləşən şəhər / mərkəzi şəhər" kimi açıqlamaq olar.
Azərbaycanlı publisist-politoloq Reyhan Mirzəzadənin fikrincə, şəhər öz adını üç dağın — Büzgüm, Qaflantı və Üçtəpə dağlarının arasında yerləşdiyinə görə, rusiyalı tarixçi Vasili Bartoldun fikrincə erkən orta əsrlərdə bölgədəki iki ən böyük şəhərin — Ərdəbil və Marağanın arasında, hər iki şəhərdən təxminən eyni məsafədə (təxminən 20 fərsəx) aralı yerləşdiyinə görə, orta əsrlər tarixçisi Yaqut əl-Həməviyə görə isə Marağa və Təbriz arasında yerləşdiyinə görə və onlarla birlikdə bir üçbucaq təşkil etdiyinə görə almışdır.
== Tarixi ==
Miyanə Azərbaycanın ən əski şəhərlərindən biridir. Əsası kənd kimi qoyulan bu şəhər tarixi Gərmərud (digər adı Gərməri) mahalının mərkəzi olub, vaxtilə Sərab xanlığının parçası olub.