Məhəmməd Müfti-şiə Musəvi Ərdəbili
Məhəmməd Müfti-şiə Musəvi Ərdəbili (tam adı: Məhəmməd ibn Məhəmməd Təqi ibn Murtəza ibn Nəqdəli ibn Mirəli ibn Hüseyn; 10 Rəcəb 1347—26 Cəmadiyəl-əvvəl 1431) — Azərbaycanlı ilahiyyatçı, seyid, ayətullah əl-üzma.
== Ailəsi və əsl-nəsəbi ==
Ailənin əcdadı hələ qədimdən başlayaraq Nəcəf-əşrəf, Qum, Ərdəbil, Qəzvin, Xəlxal, Rəşt, Tehran və başqa şəhərlərdə məskunlaşmış və elm öyrənmişlər.
Bütün zamanlarda bu ailədə çoxlu fəqih, ədib, şair, siysətçi və sair peşə sahibləri müşahidə olunub. Onların istər din, istərsə də dünyəvi elmlərdə xüsusi ləyaqətləri və müvəffəqiyyətləri vardır. Onlardan bir çoxu müxtəlif dəqiq elmlərdə də yüksək elmi məqamlara çatmışlar.
Bu sülalədən olan böyük şəxsiyyətlər haqqında tarixi və təhqiqi kitablarda yazılara rast gəlmək təəccüblü deyil. Bu şəxsiyyətlər barəsində olan yazılarda onların təfəkkürü və səciyyəvi istedad sahibi olmaları ehtiram və təşəkkürlə qələmə alınmışdır.
== Həyatı ==
Musəvi seyyidlərindəndir. Nəsli Musa ibn Cəfərin övladı, Murtəza ləqəbli, Seyyid İbrahim Əsğərə çatır. O hicri qəməri tarixi ilə 1347-ci ilin rəcəb ayının 10-da (miladi 1928-ci il) o zamanlar "Darül-irşad" kimi məşhur olan Ərdəbil şəhərində dünyaya göz açmışdır.