Məmmədcəfər Cəfərov
Məmməd Cəfər (Cəfərov Məmmədcəfər Zeynalabdin oğlu; 9 may 1909, Naxçıvan – 11 may 1992, Bakı) — tənqidçi, ədəbiyyatşünas, nasir,Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), filologiya elmləri doktoru (1961), professor (1963), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1976), Azərbaycan SSR Əməkdar elm xadimi (1982).
== Həyatı ==
Məmmədcəfər Cəfərov 9 may 1909-cu ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini burada aldıqdan sonra 1928-1932-ci illərdə Naxçıvan Pedaqoji Texnikumunda oxuyub. Daha sonra 1932-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsində təhsil alıb. O, 1935-1938-ci illərdə həmin universitetin Ərəb ədəbiyyatı kafedrasının aspirantı olub.
== Əmək fəaliyyəti ==
Məmmədcəfər Cəfərov ADPU-nun Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirməklə yanaşı, 1932-1935-ci illərdə "Gənc işçi", "Maarif işçisi" qəzetlərinin redaksiyalarında şöbə müdiri olub. O, 1938-1939-cu illərdə Ədəbiyyat fakültəsinin dekanı, 1939-1941-ci illərdə Bakı İkiillik Müəllimlər İnstitutunda baş müəllim vəzifəsini icra edib. BDU-nun Rus ədəbiyyatı kafedrasında dosent, həmçinin "Ədəbiyyat qəzeti" redaksiyasında şöbə müdiri (1941–1943) olub.
Məmmədcəfər Cəfərov 1943-1945-ci illərdə Quba Müəllimlər İnstitutunda elmi işlər üzrə direktor müavini, eyni zamanda 1945-1949-cu illərdə "Ədəbiyyat qəzeti"nin redaktoru olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı olan Cəfərov Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi (1945–1951) olaraq fəaliyyət göstərib.