Eldar Həsənov (hüquqşünas)
Eldar Hümbət oğlu Həsənov (10 oktyabr 1955, Laçın, Kəlbəcər rayonu) — Azərbaycanın sabiq baş prokuroru, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviri.
== Həyatı ==
Eldar Həsənov Azərbaycanın ən füsunkar rayonlarından biri olan Kəlbəcərin Laçın kəndində müəllim ailəsində anadan olmuşdur. 1972-ci ildə kənd orta ümumtəhsil məktəbini bitirdikdən sonra Dövlət Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olmuş, 1977-ci ildə ali təhsilini fərqlənmə ilə başa vuraraq elektronika mühəndisi ixtisası almışdır.
1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirmişdir. Uzun müddət Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhəri Nizami rayonunun və Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi, daxili işlər nazirinin müavini, baş prokurorun müavini və baş prokuror vəzifələrində çalışmışdır.
Eldar Həsənov 21 aprel 2000-ci ildə səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Azərbaycanın prezidenti Heydər Əliyev tərəfindən baş prokuror vəzifəsindən azad olunmuşdur. Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda 25 kitab (son 2 kitabı: Rumıniyada könüldən diplomatiya və Balkanların dostluq körpüsü boyunca), dərslik və dərs vəsaitinin, eləcə də 170-dən çox elmi və publisistik əsərin müəllifidir.
Professor, hüquq elmləri doktoru
Rumıniyanın Ovidius, Babeş-Bolyay və Andrey Şaquna Universitetlərinin fəxri doktoru
Serbiya Kral Akademiyasının üzvü
Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatının trans-sərhəd cinayətkarlığa qarşı mübarizə üzrə regional mərkəzində Azərbaycan Respublikasının rəsmi nümayəndəsi olmuşdur.
2001-ci ilin mart ayında Azərbaycan Respublikasının Rumıniyadakı səfiri təyin edilmiş, onun üçün yeni olan diplomatik sahədə fəaliyyətə başlamışdır. Rumıniyadakı səfirliyi Azərbaycan Respublikasının Cənub-Şərqi Avropa regionunda ilk səfirliyi olmuşdur.