Kanye Vest
Ye (ing. Kanye Omari West; 8 iyun 1977, Atlanta, Corciya) — amerikalı repçi, müğənni, mahnı müəllifi, prodüser və dəb dizayneri.Atlanta şəhərində doğulub, Çikaqoda böyüyən Vest 2000-ci illərin əvvəllərində Roc-A-Fella Records səsyazma şirkətində etdiyi prodüserlik işləri ilə tanınmağa başladı, müxtəlif sənətçilərin sinqlları üçün prodüserlik etdi, həm də "chipmunk soul" sempl üslubunu təkmilləşdirdi. Repçi kimi karyerasına 2004-cü ildə "The College Dropout" albomunu buraxaraq başladı, bunun ardınca GOOD Music səsyazma şirkətini təsis etdi. Vest növbəti albomlarında: "Late Registration" (2005), "Graduation" (2007), və "808s & Heartbreak" (2008) orkestra, sintezator, autotune elementlərindən istifadə etdi. Beşinci və altıncı albomları: "My Beautiful Dark Twisted Fantasy" (2008) və "Yeezus" (2013) ilə onun şöhrəti daha da artdı. Vest fərqli üslublar sınamağa davam etdi, "The Life of Pablo" (2016) və "Ye" (2018) albomlarında xristian, "Jesus Is King" (2019) albomunda isə gospel tərzindən istifadə etdi. Onuncu albomu "Donda" 2021-ci ildə işıq üzü gördü, tənqidçilər və pərəstişkarlar tərəfindən həm mənfi həm də müsbət rəylər topladı. Vest Jay-Z ilə əməkdaşlıq etdi və Watch the Throne (2011) albomu yayımladı, ardınca Kid Cudi ilə Kids See Ghosts (2018) albomunu buraxdı.
Dünyanın ən çox musiqi satışı həyata keçirən musiqiçilərindən biri olan Vest, 160 milyondan çox səsyazma satmağa nail olmuşdur. Vest 24 "Qremmi" mükafatı qalibi olmuş, 75 dəfə namizədlik əldə etmiş, həmçinin Jay-Z ilə birlikdə ən çox mükafat qazanan repçilərdən biri olmuşdur.