Rəhman Orxan
Rəhman Orxan (24 iyul 1950, Qayabaşı, Nuxa rayonu – 2 fevral 2024) — SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü , Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Osman Mirzəyev adına Respublika mükafatı laureatı.
== Həyatı ==
Rəhman Orxan 1950-ci il iyulun 24-də Şəki rayonunun Qayabaşı kəndində fəhlə ailəsində anadan olub. 1967-ci ildə Qayabaşı kənd orta məktəbini, 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib, 1982–83-cü illərdə Azərbaycan Marksizm-Leninizm Universitetində jurnalist ixtisasına yiyələnib.
2 fevral 2024-cü il tarixində vəfat edib.
== Fəaliyyəti ==
=== Əmək fəaliyyəti ===
Əmək fəaliyyətinə 1967-ci ildə akademik Y. Məmmədəliyev adına Azərbaycan Elmi-Tədqiqat Neft və Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında (indiki Sumqayıt Polimer Materialları İnstitutunda) laborant kimi başlayıb.
1971–1979-cu illərdə Azərbaycan Boru-prokat zavodunun Layihə şöbəsində, sonra isə prokat sexində mühəndis-konstruktor işləyib. 1979-cu ilin dekabrında həmin zavodda nəşr olunan "Metallurq" qəzetində çalışıb, 1981-ci ilin yanvarından isə "Vışka" qəzetinə müxbir vəzifəsinə işə dəvət olunub. 1983-cü ilin mayından 1992-ci ilin iyuluna qədər "Vışka" qəzetinin Sumqayıt-Quba, Naxçıvan-Dağlıq Qarabağ zonaları üzrə xüsusi müxbiri işləyib. Ölkə sənayesinin və iqtisadiyyatının, həmçinin Sumqayıtın metallurgiya, kimya və maşınqayırma sənayesinin inkişafına, şəhərin sosial-iqtisadi problemlərinə dair bir sıra məqalələrlə respublika qəzetlərində çıxış edib.
1979-cu ildən başlayaraq hazırladığı oçerk, reportaj, məqalə və publisistik yazılar ölkə mətbuatında dərc edilib, həmçinin keçmiş SSRİ-nin Xəbərlər Mətbuat Agentliyi (XMA) və AzərTAC vasitəsilə yayılaraq, dünyanın bir sıra mətbuat orqanlarında, eləcə də Türkiyənin "Zaman" qəzetində çap olunub.