Qobustan petroqlifləri
Qədim qobustanlıların hansı dildə danışmaları və ya ümumiyyətlə danşıb-danışmamaları elmdə mübahisə doğuran məsələlərdəndir. Lakin onlar özlərindən miras qoyduqları təsvirlər vasitəsiylə bu gün də özləri, yaşamları haqqında məlumat verməkdədirlər.
Min illərlə bir-birinin dalınca gələn nəsillər tərəfindən 1000-ə qədər qayada dönə-dönə çəkilmiş, bir-birini təkrar edən və etməyən 4–5 mindən artıq heyvan, insan şəkilləri, həyati macəralar, ov və rəqs səhnələri çox qədim bir rəssamlıq məktəbinin yaradıcılığıdır.
Rəsmlərin xeyli hissəsi yaşayış yerlərinin divarlarını təşkil edən iri qayalarda, bəzən də köhnə şəkillərin üstündən çəkilmişdir. Qayalardakı təsvirlər ilk vaxtlarda təbii böyüklükdə çəkilən heyvan və insan rəsmləri ilə başlayaraq sonralar ara-sıra, gah sxematikləşdirilmiş, gah kiçildilmiş, gah da təsvir edilən heyvan və insanların öz ölçülərinə yaxınlaşdırılmışdır. Xətlərlə ifadə olunan rəsmlərdə heyvanların və insanların bədən quruluşundakı nisbətlər böyük məharətlə gözlənilmişdir. Qədim rəsm ustaları təsviri böyük bacarıq tələb edən maral kimi heyvanların şəkillərini çəkərək bu vəzifənin öhdəsindən məharətlə gələ bilmişlər. Heyvan və insanların duruş maneraları şəkillərdəki dinamizmdən aydın surətdə oxunur.
Qobustan rəsmlərində nəzərə çarpan xüsusiyyətlərdən biri də odur ki, ovçuluqla məşğul olan insanların qıç əzələləri qabarıq şəkildə təsvir olunmuş, onların başları nisbətən kiçildilmiş və surət cizgiləri – burun, ağız, göz, qulaq və s. verilməmişdir.