Qobustanın masa dağları

Qobustanın masa dağları - Azərbaycan Respublikasının nadir relyef formalarından biri də yalnız Şərqi Qobustanın hüdudları daxilində bu günümüzə qədər gəlib çıxmış masa dağlarıdır. Onlar sıldırım və sərt yamaclı oval (dairəvi) formalı və ya uzadılmış ellipsoid görünüşlü, yastı zirvəli yüksəkliklərdir. Masa dağlarının zirehli zirvə­ləri və ya “üst taxtaları” eopleystosenə (orta-üst abşeron) aid sıx qabıqlı əhəng­daşılarının subhorizontal laylarından formalaşmışdır; onlar bir vaxtlar Qobustan ərazisini tamamilə örtmüş və gec dördüncü dövrün şaquli hərəkətləri ilə bağlı olan denudasion proseslərin təsiri altında yuyulmuş yastı düzənliyin qalıqları­dır. Bakı şəhərindən cənubda, Xəzər dənizi sahilinin yaxınlığında ucalan Böyükdaş və Kiçikdaş yüksəklikləri də masa dağları sırasına aid edilir. “Üst taxtaların” kənarlarından uçub tökülmüş müxtəlif ölçülü əhəngdaşı qırıntıları­nın masa dağlarının yamaclarında qalaqlanması nəticəsində qəribə ahəngdarlıq yaradan qaya ansamblları, taxça, kaha və zağalardan ibarət “qayalar dənizi”-nin bənzərsiz landşaftı yaranmışdır.

Qobustanın masa dağları
Yerləşməsi
Ölkə  Azərbaycan

Bu və yaxınlıqda yerləşən Cingirdağ, Şonqardağ və Şıxqaya masa dağ­larının qaya və mağaralarında daş əsri və sonrakı dövrlərə aid çoxlu artefaktları – ibtidai insanın yaşayış məskənləri, qayaüstü təsvirlər, qəbirlər və i.a. aşkar edil­mişdir. Ən qədim petroqliflər yeni eradan əvvəl 10-8-ci minilliklər, ən ge­c­ləri isə orta əsrlərə aid edilir. Böyükdaş, Kiçikdaş, Cingirdağ dağları, Yazılı təpəsi və ətraf ərazilər də daxil olmaqla, 1967-ci ildə burada “Qobustan” Dövlət Tarix-İncəsənət Qoruğu yaradılmışdır. Qoruğun ərazisində yerləşən qədim mə­dəniyyət abidələri UNESCO-nun ümumdünya mədəniyyət və təbiət irsi ob­yekt­ləri sıra­sında yer almış bəşəriyyətin ən qiymətli abidələri siyahısına salın­mışdır.

  • "Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013 ''