Fəxri Uğurlu
Fəxri Uğurlu (Əliyev Fəxri Ağa oğlu; 5 sentyabr 1968, Bakı) — Azərbaycanlı yazıçı, jurnalist, nasir. "Multikulturalizm" jurnalının baş redaktoru (2016), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1995).
== Həyatı ==
Fəxri Uğurlu 5 sentyabr 1968-ci ildə Bakıda doğulub. 1987–1989-cu illərdə sovet ordusunda xidmət edib. 1993-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.
== Yaradıcılığı ==
Dövri mətbuatda ilk yazısı 1986-cı ildə "Azərbaycan gəncləri" qəzetində çap edilib. Həmin vaxtdan müntəzəm olaraq mətbuatla əməkdaşlıq edib, "Ulduz", "Pioner", "Gənclik" jurnallarında, "İlham", "Səs", "Novruz", "Dədəm Qorqud" qəzetlərində yazıları çap olunub. 1991-ci ildən "Novruz" qəzetinin müxbiri, 1992-ci ildən "Yol" qəzetinin redaktoru, 1994-cü ildən "525-ci qəzet"in şöbə müdiri vəzifələrini tutub. 1996-cı ilin əvvəlindən iyul ayınadək "Müxalifət" qəzetinin şöbə müdiri vəzifəsində çalışıb.
1996-cı ilin iyul ayından yeni nəşr olunan "Rezonans" qəzetində baş redaktor müavini kimi fəaliyyətə başlayıb.