Uğurlu əjdaha insidenti

Tokioda sərgilənən Daigo Fukuryu gəmisi.

Uğurlu əjdaha insidenti və ya Daigo Fukuryu gəmisi insidenti (第五福龍丸事件, Dayqo Fukuryu maru ciken?) – 1954-cü ildə baş vermiş nüvə sınağı insidenti.[1] Hadisə Yaponiyada ABŞ-nin nüvə sınaqlarına qarşı kəskin etirazlara səbəb olmuşdur.[1] İnsident İkinci dünya müharibəsinin atom irsi, balıqçılıq sənayesində fasilə, okeanlarda balıqçılıq hüquqlarının dəqiqləşdirilməsi, ABŞ-nin yapon xalqının hislərinə və narahatçılıqlarına qarşı bivec olması kimi həssas məsələlərə toxunmuşdur.[2]

Məzmun[redaktə | mənbəni redaktə et]

Hadisə gəminin 135 kilometr qərbində yerləşən Bikini adasında ABŞ tərəfindən həyata keçirilən termonüvə sınağı səbəbi ilə baş vermişdi.[1] İnsidentdən bir il öncə ABŞ Bikini ətrafındakı təhlükə zonası barədə ümumi xəbərdarlıq yayımlasa da, müxtəlif sınaqların vaxtı və yeri haqqında məlumat paylaşmamışdı.[1] Gəminin heyəti xəbərdarlıq haqqında məlumatlı idi və onlar güman edirdilər ki, təhlükə zonasından uzaqda əməliyyat icra edirdilər.[1] Gəmi həqiqətən də təhlükə zonasından 32 kilometr uzaqda idi.[1]

1 mart 1954-cü ildə, səhər saatlarında gəminin heyəti qərb tərəfdə səmada parlaq işıq müşahidə edib, 6-7 dəqiqə sonra isə partlayış səsi eşidiblər.[1] Üç saat sonra radioaktiv kül onların gəmisinə tökülməyə başlayıb.[1] Tezliklə gəmi heyətinin 23 üzvü ürəkbulanma, ağrı və dəri iltihabından əziyyət çəkməyə başlayıb, lakin onlar bunu partlayışla əlaqələndirmədikləri üçün hadisəni bildirməyiblər.[1]

14 martda Şizuoka prefekturasında yerləşən Yayzu limanına qayıdanda onlar simptomları yerli həkimə bildiriblər.[1] Tələbələrdən biri bu xəbəri "Yomiuri Shimbun" qəzetinin müxbirinə çatdırıb.[1] Nəticədə, qəzetin Tokio ofisi insident və iki nəfərin müayinə üçün Tokio Universitetinin xəstəxanası ilə bağlı böyük xəbər hazırlayıb.[1]

Hadisədən sonra[redaktə | mənbəni redaktə et]

Heyət üzvlərinin vəziyyəti bir neçə ay boyunca Yaponiyada və dünyada marağa səbəb olmuşdur.[1] Bütün heyət üzvləri Tokioda xəstəxanaya yerləşdirilmişdi.[1] Bəziləri bir müddət ağır vəziyyətdə olublar və onlardan biri olan, radioteleqraf operatoru Kuboyama Aykiçi 23 sentyabr 1954-cü ildə ölüb.[2] Onun ölüm səbəbi mübahisəlidir: bəzilərinə görə səbəb radioaktiv doza, bəzilərinə görə isə səbəb qanköçürmə zamanı keçən hepatit olub.[2] ABŞ hökuməti onun həyat yoldaşına 1 milyon yen təzminat ödəmişdir.[2] Qalan heyət üzvlərinin hamısı sağalmışdır.[2]

Hökumətlər arasında baş tutan danışıqlardan sonra 4 yanvar 1955-ci ildə ABŞ hökuməti Marşall adalarında həyata keçirdiyi 5 nüvə sınağı zamanı yaralananlar üçün Yaponiyaya 2 milyon ABŞ dolları ödəmişdir.[2] ABŞ Atom Enerjisi Komissiyası tərəfindən 31 mart 1954-cü ildə yayımlanan bəyannamədə 1 martda həyata keçirilən sınağın gücünün hesablanandan 2 dəfə çox olduğu qeyd olunmuşdu.[2] Mütəxəssislər bu bombanın Hiroşimaya atılan bombadan min dəfə güclü olduğunu hesablamışdırlar.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Kodansha Encyclopedia of Japan. V cild. Tokio: Kodansha. 1983. səh. 75-76. ISBN 0-87011-625-8. İstifadə tarixi: 20 mart 2022.