Fərəculla bəy Uğurlubəyov

Fərəculla bəy Uğurlu bəy oğlu Uğurlubəyov (12 avqust 1801, Şuşa1871) — Qarabağ bəylərindən, Mehdiqulu xanın əyanı, hərbi xadim,çar ordusunun polkovniki.

Fərəculla bəy Uğurlubəyov
Şəxsi məlumatlar
Doğum tarixi 12 avqust 1801(1801-08-12)
Doğum yeri
Vəfat tarixi 1871
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Rütbəsi polkovnik

Fərəculla bəy Uğurlu bəy oğlu 1801-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Bir müddət Mеhdiqulu xanın baş cəlladı olmuşdu. Xanla birgə Qacar imperiyasına qaçmaq istəyərkən yaxalanmışdı. Həbsdə yatdıqdan sonra atasının xahişi ilə dustaqlıqdan azad olunmuşdu. Ailəsi Şuşa şəhərindən olan əsilzadə ailələrdən biri olmuşdur. Fərəculla bəyin atası Uğurlu bəy Qarabağ xanı Mehdiqulu xanın yanında xidmət edən sərkərdələrdən biri olmuşdur. Fərəculla bəyin qardaşı Rəhim bəy mayor, İbrahim bəy və Həsən bəy praporşik kimi Çar ordusunda xidmət etmişdirlər. Fərəculla bəy hərbi xidmətə Birinci Süvari Müsəlman Alayında başlamışdır. Azərbaycanlılardan ibarət olan bu alay Rus-Osmanlı (1828-1829) müharibəsi zamanı təşkil edilmişdi. Ümumilikdə, bu müharibə zamanı Qafqazdakı rus komandanı geenral-adyutant Qraf Paskeviç-İrəvanski azərbaycanlılardan ibarət 4 süvari alay və Kəngərli süvariləri dəstələrini yaratmışdı. 1-ci müsəlman süvari alayı digər üç müsəlman süvari alayı və Nijni Novqorod Draqun alayı ilə birlikdə N. N. Raevskinin birləşmiş süvari briqadasının tərkibinə daxil oldu. Briqadanın tərkibində azərbaycanlı əsgərləri mühüm döyüş tapşırıqlarını (Xertvisi qalasının alınması, Soğanlıq döyüşü) uğurla yerinə yetirmişdilər. Toqquşmalar zamanı bir çox azərbaycanlı döyüşçü orden və medallara layiq görülmüşdü. Bunlardan biri də Qarsın mühasirəsi zamanı göstərdiyi igidliyə görə 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə mükafatlandırılan 1-ci müsəlman süvari alayının kapitanı Fərəculla bəy idi. Döyüşlər zamanı Qafqaza gələn məşhur rus şairi Puşkin dostu olan hərbçi Raevskinin alayında xidmət edən Fərəculla bəylə görüşmüş və bundan Ərzuruma səyahəti əsərində bəhs etmişdir. 1829-cu ilin avqustunda Paskeviç imperator I Nikolaya göndərdiyi məruzəsində Osmanlı ordusunun Lazıstanda məğlub edildiyini, 4 döyüş bayrağının ələ keçirildiyini bildirirdi. Məruzədə Qarabağ sultanlarından[a] biri olan Fərəculla bəyin döyüşlərdə xüsusilə fərqləndiyi bildirilirdi. Bununla general Paskeviç döyüşlərdəki rollarını yüksək qiymətləndirdiyi müsəlman alayını imperatora təqdim etmək istəyirdi.[1] Puşkinin Raevskinin alayında qaldığı günlərdən bəhs edən və həmin dövrdə çəkilmiş rəsmlərin toplandığı qalereyasında azərbaycanlı zabitlər olan mayor Abbalqulu ağa Bakıxanovun, poruçik Fərəculla bəyin və Fərhad bəyin də şəkilləri vardır. Hətta Puşkin Hafizdən adlı yazdığı şeiri Fərhad bəyə həsr etmişdir. Moqilovski tərəfindən bildirilənə görə, Qərvənd kəndi vaxtilə Fərəculla bəyin atasında Mehdiqulu xan tərəfindən verilmişdi və hələ də bu ailəyə mənsub idi.[2]

Fərəculla bəy dayısı Hacı Ağalar xanın qızı Aftab bəyimlə ailə qurmuşdu. Uğurlu bəy, Şükür bəy adlı oğulları, Pəri xanım adlı qızı vardı.

  1. Müsəlman süvari alaylarında 100 döyüşçünün komandanının sahib olduğu rütbə nəzərdə tutulur.
  • Ənvər Çingizoğlu. Uğurlu bəyin uruğu. Bakı: Soy 8 (16). 2008.
  1. Потто В. "XXIX. В СТРАНЕ ЛАЗОВ". www.e-reading.club. 2017. 7 Jan 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  2. Çingizoğlu, 2008. səh. 9–14