Əfşan Hüseynov
Əfşan Əbülfəz oğlu Hüseynov (16 mart 1996; Əsrik Cırdaxan , Tovuz rayonu — 26 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi.
== Həyatı ==
Əfşan Hüseynov 1996-cı il martın 16-da Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dünyaya göz açıb. 2002–2013-cü illərdə Əsrik Cırdaxan kənd tam orta məktəbində, 2013–2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb.
== Hərbi xidməti ==
Əfşan Hüseynov 2017-ci ildə "leytenant" hərbi rütbəsi altında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. Xidməti dövründə "baş leytenant" hərbi rütbəsinə yüksəlib.
Əfşan Hüseynov "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.
=== İkinci Qarabağ müharibəsindəki iştirakı ===
Azərbaycan Ordusunun baş leytenantı olan Əfşan Hüseynov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Hadrutun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə savaşıb. Ermənistan Ordusunun bir neçə postunu və texnikasını ələ keçirib. Əfşan Hüseynov oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı Alxanlı kəndi istiqamətində şəhid olub. Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dəfn edilib.