Ərtoğrul Bəy
Ərtoğrul Qazi və ya Ərtoğrul bəy (bilinmir, Əhlat – təq. 1281 və ya təq. 1280, Söğüt, Biləcik ili) — Oğuz türklərinin Qayı boyunun başçısı, Osmanlı imperiyasının qurucusu Osman Qazinin atası. Adının mənası belə təsvir edilir ki, türk dilində "ər" sözünün mənası "kişi, əsgər və ya qəhrəman", toğrul isə dirilişin simvolu olan nəhəng quruluşlu simurq quşudur. Beləliklə, Ərtoğrul adının mənası "Qəhrəman yırtıcı quş, toğrul" kimi təsvir edilə bilər. Ərtoğrul 1191-ci ildə anadan olmuş, 1281-ci ildə Anadoluda, Söğütdə vəfat etmişdir.
Ərtoğrulun 24 tayfadan ibarət Oğuz türklərinin Qayı boyundan və bəy nəslindən olması, atasının və babalarının da bəy olması və onun sünniliyin hənəfi məzhəbindən olması təsdiqlənmiş məlumatdır.Ərtoğrulun varlığı atasının adının "Ərtoğrul" olaraq qeyd edildiyi oğlu Osmanın zərb etdiyi sikkələrlə tarixən sübuta yetirilsə də, onun həyatı və fəaliyyəti ilə bağlı bundan başqa heç nə dəqiqliklə bilinmir.Amma Osmanlı mənbələrinə əsasən Ərtoğrul Şərqi İrandan Anadoluya qaçan Oğuz türklərinin Qayı tayfasının başçısı Süleyman Şahın oğludur. Ərtoğrulun başqa bir fərziyyəyə əsasən, soy ağacı belədir: o, Gündüz alpın oğlu, Qaya alpın nəvəsi, Göyalpın nəticəsi, Sarkuk alpın kötücəsi və Qayı alpın bitikcəsi olaraq qeyd olunur, tayfa adını Qayı alpın adından almışdır.Osmanlı mənbələrinə görə, Ərtoğrul və tərəfdarları atasının ölümündən sonra Anadolu Səlcuqlu dövlətinə xidmət etməyə başladılar və o, Söğüt adlanan ərazi üzərində hökmranlıqla mükafatlandırıldı. O dövrdə, bu yer Bizans imperiyası ilə sərhəddə yerləşirdi. Bu, Osmanlı bəyliyinin qurulmasına səbəb olan bir sıra tarixi hadisələrə macal verdi.Ərtoğrul, oğlu Osman və onlardan sonra gələn övladlar tez-tez "Qazi" titulu ilə qeyd edilir, bu, İslamın şərəfini yüksəltmək üçün döyüşçü olan mücahidlərə verilən addır.