Aşıq Hüseyn Cavan

Vikipediya, azad ensiklopediya
Sortilegus (müzakirə | töhfələr) tərəfindən edilmiş 21:09, 30 yanvar 2008 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
AŞIQ HÜSEYN CAVAN
Doğum tarixi 1916
Doğum yeri
Vəfat tarixi 14 noyabr 1985(1985-11-14)
Dəfn yeri
Fəaliyyəti şair, aşıq

|}


Həyatı

Aşıq Hüseyn Cavan - 1916-cı ildə Güney Azərbaycanda anadan olmuşdur. Aşıq şerinin bütün növlərində yazan aşıq Cavan əsasən gəraylı və qoşmalara üstünlük vermiş, Güney Azərbaycanın gözəlliklərini, qəhrəmanlarını öz şeirlərində vəsf etmişdir:

Gözlərim vətəni qəmli görəndə.
Dərdim təzələndi, xəyala düşdüm.
Xalqın naləsindən, xalqın ahından,
Alışdım odlara, bu hala düşdüm.

Cəlladlar əlində dağılır vətən,
Ayrılır analar körpələrindən,
Elin naləsini eşitdikcə mən,
Dolandım, mahaldan mahala düşdüm.

Şeirlərində tez-tez Güney Azərbaycanın dağlarını, şəhərlərini qeyd edən Cavan "Qaradağ" rədifli qoşmasında bunları yazır:

Təbriz bir anadır, sən də oğlusan,
El bilir, ürəkdən ona bağlısan, Oğlun Səttarxandan sinə dağlısan,
Onuncün ağarıb başın Qaradağ.

Hüseyn Cavan Güney Azərbaycanda olduğu kimi Qüzey Azərbaycanda da sevilir. Həm Güney, həm də Qüzey Azərbaycanın bir çox aşıqları onun təsiri ilə şeirlər yazmışlar.

İranda Pişəvəri hökuməti məğlub olandan sonra Qüzey Azərbaycana gələn Cavanın burada bir çox şeir və qoşmaları məşhur olmuş, bundan başqa aşıq üç xalq dastanı qoşmuşdur.

Hüseyn Cavan 1985-ci ildə vəfat etmişdir.

Yaradıcılığı

KİMDƏN ÖYRƏNDİN

Sevgilim, sən maral kimi
Gəzməyi kimdən öyrəndin?
Ay qabağa cığa teli
Düzməyi kimdən öyrəndin?

Tez yuxudan oyanmağı,
Al qumaşa boyanmağı,
Gərdən çəkib dayanmağı,
Süzməyi kimdən öyrəndin?

Mən sevirəm Zərnişanı,
Onda var gülün nişanı.
Sağ əlinlə bənövşəni
Üzməyi kimdən öyrəndin?

Kəklik kimi qayalarda,
Ceyran kimi səhralarda,
Sona kimi dəryalarda
Üzməyi kimdən öyrəndin?

Bulud almasın ay üzün,
Hüseyn sazla deyir sözün.
Xumar-xumar ala gözün
Süzməyi kimdən öyrəndin?


BOYLANA-BOYLANA

Azad bir qız girib bağa,
Gəzir boylana-boylana.
Xumar gözün sola, sağa,
Süzür boylana-boylana.

İçib eşqin bulağından,
Gəzir Məcnun sorağından,
Tər qönçəni bulağından,
Üzür boylana-boylana.

Alıb kitabı əlinə,
Baxır hər bir sətrinə,
Atılıb eşqin gölünə,
Üzür boylana-boylana.

Açıb qönçə dəhanını,
Qumru təkin zəbanını,
Cavan Hüseynin canını,
Üzür boylana-boylana.

Həmçinin Bax