Azadlıq barrikadalarda

Vikipediya, azad ensiklopediya
Feminov (müzakirə | töhfələr) (→‎Tablonun simvolikası) tərəfindən edilmiş 13:12, 19 may 2014 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Şablon:Rəsm əsəri

"Xalqı istiqamətləndirən Azadlıq" (fr. La Liberté guidant le peuple) və ya "Barrikadalarda azadlıq" - fransız rəssamı Ejen Delakrua tərəfindən çəkilmiş tablo.

Yaranma tarixi

Delakrua bu tablonu 1830-cu ildə Burbonlar monarxiyasının bərpasına son qoymuş İyul inqilabının motivləri əsasında yaratmışdır (bəzən səhvən Böyük Fransa İnqilabı ilə əlaqələndirilir). Çoxlu hazılıq eskizlərindən sonra bu tablonu üç ay ərzində ərsiyə gətirmişdir. Qardaşına yazmış olduğu 12 oktyabr 1830-cu il tarixli məktubda Delakrua bildirmişdi: "Əgər mən vətən uğrunda döyüşməmişəmsə, onda heç olmasa onun üçün rəsm çəkərəm". İlk dəfə bu əsər 1831-ci ilin mayında Paris salonunda təqdim olunmuş, dərhal dövlət tərəfindən satın alınmışdır. İnqilabi süjetinə görə təxminən 25 il ərzində kütləvi nümayiş etdirilməmişdir.

Tablonun simvolikası

Əsərdə mərkəzdə başında Frakiya qalpağı (papaq), sağ əlində Fransa trikoloru (respublikaçı Fransanın bayrağı), sol əlində tüfəng tutmuş döşü açıq qadın rəsmi təsvir olunmuşdur.

Frakiya qalpağı azadlığı təcəssüm etdirir, çünki qədimdə azadlığa buraxılan qullar belə papaq taxırdılar.

Etyen Jülinin fikrincə, Azadlığın sifəti məşhur parisli inqilabçı Anna-Şarlottanın sifətidir. Onun qardaşı həlak olduqdan sonra o da barrikadalara gəlmiş və doqquz nəfər qvardiyaçı öldürmüşdür.

Burada döşü açıqlıq, fransızların "sinəsi açıq " hünərlə düşmən üzərinə getdiklərini tərənnüm edir. O həm də demokratiyanın tərənnümüdür, çünki Azadlığın sadə qadınlar kimi korsetdən istifadə etmədiyi görünür. Azadlığın ayağının yalın olması isə rəssamın onu ilahiləşdirmək istədiyinə eyham ola bilər, çünki qədim Romada ilahlar ayaqyalın təsvir edilirdilər.

Şlyapalı kişi fiquru həm Fransa burjuaziyasının ümumiləşdirilmiş obrazı, həm də rəssamın avtoportreti olduğu güman edilir. Digər bir versiyaya görə isə, bu şəxs rəssamın dostu, barrikadalarda vuruşmuş rəssam-qravüraçı Frederik Viyodur [1].

Beret taxmış kişi fiquru fəhlə sinfini, onun yanındakı vikorne taxmış gənc isə ziyalı sinfini təmsil edən Politexnik məktəbinin şagirdidir. Beretli kişinin arxasında dalğalanan sarı-mavi bayraq isə bonapartistlərin simvoludur, belə ki, I Napoleonun ordusunda vuruşmuş bir çox hərbçilər də X Karldan narazı idilər. Azadlığın yanında hər iki əlində tapança tutmuş yeniyetmə isə Etyen Jülinin fikrincə, d’Arkol adlı real tarixi personajdır. Bu oğlan ratuşaya aparan Qrev körpüsünə hücuma rəhbərlik etmiş və döyüşdə həlak olmuşdur. Öldürülmüş şəhərlinin Anna-Şarlottanın qardaşı olduğu güman edilir.

Notrdam kilsəsi üzərində dalğalanan respublikaçı bayraq da azadlığın rəmzlərindən biridir. İnqilab zamanı kilsənin zəngləri Marselyozanın melodiyasını vururdular[2].

Vandalizm

7 fevral 2013-cü ildə tablonun nümayiş etdirildiyi Luvr muzeyinin Lans filialında bir ziyarətçi xanım tablonun aşağı hissəsini markerlə qaraladığına görə dərhal saxlanmışdı. Fevralın 8-i muzey ziyarətlər üçün bağlandı. Təxminən 2 saata yaxın müddət ərzində vandallığın nəticələri aradan qaldırılaraq tablonun əvvəlki vəziyyəti bərpa edilmişdi[3].

İstinadlar

Xarici keçidlər