Asiya geologiyası

Vikipediya saytından
Rəşid Nurməmmədov (müzakirə | töhfələr) tərəfindən edilmiş 16:37, 3 noyabr 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
1730-cu ildə İohan Kristof Homann tərəfindən tərtib edilmiş coğrafi xəritə. Asiya ərazisi rəngli göstərilmişdir. Adlar latın dilindədir


Asiyanın müəyyən hissəsi əvvəllər Qondvana superkontinentinin tərkibində olmuş kembriyəqədərki qabıq bloklarından ibarətdir. Fanerozoyda blokların Qondvananın kənarından qopması, onların litosfer plitələri ilə birlikdə şimala doğru dreyfi və toqquşma (kolliziya) prosesində əvvəlcə Lavrasiya, Mezozoyun ortalarından isə Avrasiyaya birləşməsi (tektonik akkresiya) baş vermişdir.[1]. Bu zaman qədim okeanlar (Paleoasiya, Paleotetis, Mezotetis və Neotetis) dövri olaraq açılmış və qapanmışdır. Asiyada şimal (Lavrasiya) blokları sırasına qədim Sibir platforması, kembriyaqədərki kişik massivlər, cənub (Qondvana) blokları sırasına isə Hindistan, Ərəbistan, Çin-Koreya, Tarim, Cənubi Çin platformaları, Hind-Çin, Şimali və Cənubi Tibet və s. qədim massivlər aid edilir. Blokları bir-birindən ayıran Son Proterozoy və Fanerozoy qırışıqlıq sahələri və sistemləri 3 mütəhərrik qurşaq əmələ gətirir: qədim okeanların qapanması zamanı əmələ gəlmiş Ural-Oxot və Aralıq dənizi qurşaqları, həmçinin Asiya ilə Sakit okean sahilində inkişaf edən Qərbi Sakit okean qurşağı. Mütəhərrik qurşaqların qırışıqlıq strukturlarının bir hissəsi cavan platformaların (Qərbi Sibir, Turan və s.) çöküntü qatı ilə örtülmüşdür. Platformaların və qırışıqlıq sahələrinin ayrı-ayrı hissələri Kaynozoyda orogenezə məruz qalmış və törəmə dağ qurşaqları (Mərkəzi Asiya və s.) formalaşmışdır. Müasir lift əmələgəlmə prosesi Baykal gölü rayonunda və Şimali Çində fəal təzahür edir. Qırmızı dənizin yaranmağa başlayan okean rifti Ərəbistan platformasını Afrika platformasından ayırır. Asiyanın şimal ucqarında, onun passiv kənarının şelf dənizləri geniş inkişaf etmişdir; cənub passiv kənarında Fars korfəzi istisna olmaqla şelf zonası xeyli ensizdir. Şərqdə və cənub-şərqdə Sakit və Hind okeanları litosfer plitələrinin Asiyanın kontinental litosfer plitəsinin altına keçdiyi (subduksiya) yerlərdə aktiv kənarlar üstünlük təşkil edir.

Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.

İstinadlar

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 107. ISBN 978-9952-441-05-5.