Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu

Vikipediya, azad ensiklopediya
Cekli829 (müzakirə | töhfələr) tərəfindən edilmiş 08:27, 30 aprel 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu (tam adı: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu[1]) — Azərbaycan Respublikasının Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən elmi-tədqiqat müəssisəsi[2]. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir[3].

Tarixi

1926-cı ildə fəaliyyətə başlayan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu 1964-cü ildən etibarən Quba rayonunun Zərdabi qəsəbəsində yerləşir[2].

1950-ci illərdə İnstitutun təcrübə bazaları yaradılıb[2].

İndiki adını 17 aprel 2015-ci ildən daşıyır[4]. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu adlanırdı[4].

Fəaliyyəti

İnstitutun əsas vəzifələri bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsidir[2].

Kollektivi

İnstitutda 59 nəfər işçi çalışır ki, onlar arasında elmlər və fəlsəfə doktorları var[2].

İnfrastruktur

2015-ci ildə ölkə başçısının imzaladığı "Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi haqqında" sərəncama əsasən, İnstitutda ümumi sahəsi 3504 m² olan inzibati-laboratoriya binası əsaslı təmir edilmişdir. Orada kommunal sistemləri yenilənmiş, yardımçı təsərrüfat binaları tikilmişdir. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi ilə məşğul olan aqroekologiya və analiz, bitkilərin mikroklonal çoxaltma üsulu ilə artırılması laboratoriyaları yaradılmışdır. Laboratoriyalarda alınmış bitki sortlarının böyüdülməsi və uyğunlaşdırılması məqsədilə də xüsusi istixana-tingçilik kompleksi tikilmişdir[2]. Yaradılmış yeni sahələrdə 35 iş yeri açılmışdır.

Burada 73 hektar ərazidə Lənkəran çayçılıq filialı, 19 hektarda Abşeron təcrübə stansiyası, 50 hektarda Qəbələ, 97 hektarda isə Göyçay dayaq məntəqələri yerləşir. Bundan başqa Zaqatala rayonunda dayaq məntəqəsi, Zərdabi elmi təcrübə stansiyası və Quba yardımçı təcrübə təsərrüfatı da institutun balansına daxildir[2].

İnstitutun təcrübə bazalarının istifadəsində olan ümumi torpaq sahəsi 662 hektardır ki, onun da 557 hektarı əkinə yararlı ərazidir[2].

Təhsil

İnstitutda fəlsəfə doktoru üzrə doktorantura təhsili həyata keçirilir[5].

Beynəlxalq əlaqələri

İnstitut bu xarici qurumlarla geniş əməkdaşlıq həyata keçirir[2]:

  • Almaniya Meyvə və Bitkilərin Seleksiyası Elmi-Tədqiqat İnstitutu;
  • Belarus Meyvəçilik Elmi-Tədqiqat İnstitutu;
  • Belarus Kənd Təsərrüfatı Akademiyası;
  • İngiltərə "Meosis" Elmi-Tədqiqat Şirkəti;
  • İspaniya "Viveros-veron" Tingçilik və Tədqiqat Şirkəti;
  • Çin Anxoy Aqrar Universiteti;
  • Fransa meyvəçiliklə məşğul olan "Luare" Kənd Təsərrüfatı Palatası.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər