Ağacovanlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Ağacovanlar(Cossidae) uzun bığ böcəklər – müxtəlifqanadlılar yarımdəstəsinin gecə kəpənəkləri fəsiləsinə aiddirlər. Primitiv damarlanmış qanadlarının uzunluğu açıq halda 220 millimetrə çatır. Müxtəlif rənglidirlər. Şimal yarım kürəsində yaşayan növlərinin rəngi, əsasən, qonurumtul və ya bozdur. 600-ə qədər növü vardır.

Bütün qitələrdə, Asiya və Afrikanın tropik qurşaqlarında isə daha çox yayılmışdır. Ağacovanların tırtılları çılpaq, ətli, ağ, sarı və ya qırmızı rəngdə olur; ovmaqla oduncaqda uzun şırımlar açır və ağacı yararsız hala salır; ot bitkilərinin kök, soğanaq və gövdəsində az rast gəlir. İnkişaf dövrü, adətən, 2 və ya 3 il davam edir. Meyvə bağlarına və meşə əkinlərinə, əsasən, budağagirən   Ağacovanlar yaxud yeyici ağacqurdu (Zeuzera pyrina) və  qoxulu  (üfunətli) Ağacovanlar (Cossus cossus) zərər verir.

Mübarizə tədbirləri: ağac gövdələrinə gil, əhəng və peyindən ibarət qarışıq sürtmək- Ağacovanların ağacların gövdəsinə yumurta qoymasının qarşısını almaq üçün; tırtılların ovduğu şırımları insektisidlərdə isladılmış pambıq və ya kəpitkə ilə tıxamaq; yoluxmuş budaqları budamaq və yandırmaq; tırtıllarla çox yoluxmuş ağacları kəsmək və yandırmaq. Azərbaycanda söyüd, qovaq, yasəmən və meyvə ağaclarına zərər verən 2 növü (C.coccus və C.terebra) geniş yayılmışdır. Soğan yonqarı növü soğan yumrularına zərər verir. Naxçıvan Muxtar Respublikasında Cənubi Qafqaz endemiki sayılan C. Fereiduni Gr. növünə isə az rast gəlinir.

Mənbə:

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 160. ISBN 978-9952-441-02-4.