Ağyataq civə yatağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Ağyataq civə yatağı – Azərbaycan Respublikası Kəlbəcər rayonu ərazisində faydalı qazıntı yatağı. Moz çayının (Tutğun çayının sol qolu) sol sahilində Zülfüqarlı silsiləsinin yamacındadır. Tektonik cəhətdən Sarıbaba sinklinoriumu ilə Kəlbəcər törəmə muldasının təmasında antiklinal struktura uyğun gəlir. Əsasən Üst Təbaşir, qismən də Alt Təbaşir yaşlı çökmə və vulkanogen çökmə süxurlardan təşkil olunmuşdur. Süxur kompleksi müxtəlif yaşlı və tərkibli intruzivlərlə və diorit-porfirit, andezit, andezit-dasit daykaları ilə kəsilmişdir. Yataq sahəsində ən cavan süxurlar Miopliosen yaşlı dasit tuflarıdır. Filizləşmə başlıca olaraq tektonik çatlar boyu süxurların parçalanması nəticəsində əmələ gəlmiş tektonik brekçiyalarla əlaqədardır. Ağyataq civə yatağında üç sütunvarı formaya malik filiz kütləsi məlumdur. Filizləşmə möhtəvi-damarcıq tiplidir və listvenitlərdə, Santon argillitlərinin tektonik brekçiyalarında qeyd olunur. Filizlərin mineraloji tərkibi sadədir, əsas filiz mineralı kinovardır. Mənşəyi əsasi və ultraəsasi intruzivlərlə əlaqədardır.

Mənbə:

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 206. ISBN 978-9952-441-02-4.