Faiq Cəfərov (fizioloq)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Faiq Cəfərov
Faiq İlahi oğlu Cəfərov
Doğum tarixi 20 yanvar 1940(1940-01-20)
Doğum yeri
Vəfat tarixi 30 yanvar 2008(2008-01-30) (68 yaşında)
Vəfat yeri
Elmi dərəcəsi tibb elmləri doktoru
Elmi adı professor
İş yeri
Təhsili

Faiq İlahi oğlu Cəfərov (20 yanvar 1940, Nüvədi, Meğri rayonu30 yanvar 2008, Bakı) — Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasının müdiri, tibb elmləri doktoru (1990), professor (1991), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001)[1]

Həyatı

Faiq İlahi oğlu Cəfərov 1940-cı ildə Zəngəzur mahalının Nüvədi kəndində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olmuş və 1963-cü ildə institutu fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə aspiranturada saxlanılmışdır. 1967-ci ildə o, namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi adına layiq görülmüş, Azərbaycan Tibb İnstitutunun Normal fiziologiya kafedrasında, baş laborant, assistent, baş müəllim və dosent vəzifələrində çalışmışdır.[1][2]

1972-1978-ci illərdə F.Cəfərov Müalicə-profilaktika fakültəsinin həmkarlar təşkilatının sədri, 1978-1993-cü illərdə isə Həmkarlar Komitəsi rəyasət heyətinin üzvü olmuşdür.

1990-cı ildə F.Cəfərov Moskvada Rusiya Tibb Elmlər Akademiyasının R.H.Axundov adına Normal Fiziologiya İnstitutlarında doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi adına layıq görülmüşdür. 1991-ci ildə o, Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasının professoru və kafedranın müdiri vəzifəsinə seçilmişdir. 1993-1995-ci illərdə Faiq Cəfərov kafedra müdiri vəzifəsində çalışmaqla yanaşı, universitetin I müalicə-profilaktika fakültəsinin dekanı olmuşdur. O, eyni zamanda 1993-1994-cü illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının "Biologiya və kənd təsərrüfatı" bölməsi üzrə ekspert şurasının üzvü idi.[1]

F.Cəfərovun elmi rəhbərliyi altında 5 namizədlik dissertasiyası müdafiə edilmiş, 1 doktorluq dissertasiyası üzərində iş aparılmışdır. Onun elmi-tədqiqat işlərinin nəticələri 200-dən artıq elmi əsərlərdə öz əksini tapmışdır. O, 1 monoqrafiyanın, 2 dərsliyin, 4 dərs vəsaitinin, 10-dan artıq metodik göstərişin, 4 səmərələşdirici təklifin, həm­çinin "İnsan fiziologiyası", "Fizioloji terminlər lüğəti", "Aclıq və susuzluğun mexa­nizmləri" adlı kitabların müəllifi olmuşdur.[1]

İstedadlı alim 1991-ci ildən AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun ixtisaslaşdırılmış müdafiə şurasının sədr müavini, Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının və Nəzəri Fənlər üzrə Problem Komissiyasının və Metod Birləşməsinin üzvü, 1993-1994-cü illərdə Azərbay­can Respublikasının Prezidenti yanında Ali Attestasiya Ko­mis­siyasının Biolo­giya və kənd təsərrüfatı bölməsi üzrə ekspert şurasının, 2001-ci ildə Beynəl­xalq Bio­qrafik Assosiasiyasının üzvü, həmçinin Azərbaycan Fizioloqlar Cəmiyyətinin vitse-prezidenti, 1999-cu ildə MDB ölkələrinin Fizioloqlar Cəmiyyətinin və 1998-ci ildə isə Avropa Neyrokimya Cəmiyyətinin üzvü olmuşdur.[1]

O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.[1]

Vəfatı

Faiq Cəfərov 2008-ci il yanvarın 30-da Bakıda vəfat etmişdir.[1]

Mükafatları

Faiq Cəfərov Respublikanın "Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.[1]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 "Cəfərov Faiq İlahi oğlu". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
  2. “Azərbaycan tibb elminə ağır itki üz vermişdir”, "Xalq qəzeti", 31 yanvar 2008-ci il.