Hayırsızada it qətliamı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Hayırsızada it qətliamı və ya Hayırsızada sürgünü – 3–4 iyun 1910-cu ildə 80.000 küçə itinin Türkiyənin Sivriada (digər adı ilə Hayırsızada) adasında göndərilərək öldürülməsi ilə baş verən kütləvi heyvan qətliamı hadisəsi. Tarixin ən böyük heyvan qətliamlarından biridir.[1]

Tarixi

Zəmin

İstanbul tarixin bir çox dövrlərində itlərlə dolu olan şəhər olmuşdur. İstanbul şəhərində ilk it sürgünlərindən biri XIX əsrdə Osmanlı hökmdarı II Mahmudun dövründə həyata keçirilmişdir. II Mahmud şəhərdəki bütün itlərin tutulub adaya göndərilməsini əmr etmiş, lakin İstanbul əhalisi heyvanlara əziyyət verməyin uğursuzluq gətirəcəyini bildirib etiraz etməyə başlamışdr. Bundan sonra adadakı itlər qayıqlar vasitəsilə yenidən İstanbula gətirilmişdir.[1]

Qətliam

XX əsrdə şəhərdə itlərin sayının artmasından sonra İstanbul bələdiyyəsi başçısı Suphi Bəysoyundu başda olmaqla səlahiyyətli şəxslər it problemini həll etmək üçün yol axtarmağa başlamışdılar. Dövlət bu itlərin kimya sənayesində istifadəsi üçün Fransa hökuməti ilə razılaşmışdır. 80.000 it İstanbul küçələrindən toplanıb əvvəlcə dəniz səmtində yerləşən Topxanaya gətirilmişdir və Fransaya göndərilmək məqsədilə gözlədilməyə başlanmışdır.[2] Əhalinin itləri xilas etməsinin qarşısını almaq üçün əsgərlər vəzifələndirilmişdir. Fransa hökumətindən təlimat gözlənilsə də, heç bir cavab gəlməmiş və itlərin baxımı çətinləşdiyindən 80.000 it Mərmərə dənizinin ortasındakı Sivriadaya sürgün edilmişdir.

Sivriadada ağac yox idi, ancaq qayalıqdan ibarət idi. Əvvəlcə qayıqçılar itlərə gündə iki dəfə su və çörək verməklə vəzifləndirilmişdilər.[2] Lakin Balkan müharibəsinin başlaması ilə həyata keçirilən büdcə kəsri buna mane olmuşdur. Adadakı itlər aclıqdan və susuzluqdan ulamağa, ən sonda isə bir-birilərini yeməyə başlamışdılar. İtlərin bu vəziyyəti bir neçə gün davam etmişdir. Bir neçə gün sonra itlərin bir çoxunun ölməsi ilə səslər də kəsilmişdir. Adada sağ qala bilən çox az sayda it İstanbula geri gətirilmişdir.[1] 2–3 il boyunca adanın sahilindən it cəsədlərinin qoxusu gəlmişdir. Sonrakı bələdiyyə başçısı Cəmil paşa qətliam işini davam etdirmiş və 30.000-ə yaxın itin məhv edilməsinə iştirak etmişdir.[3]

Həmin dövrdə baş verən bir neçə ardıcıl zəlzələ hadisəsini İstanbul xalqı bu qətliam ilə əlaqələndirmişdir.[1]

Xatirəsi

2012-ci ildə Sivriadada qətliamın xatirəsinə abidə qoyulmuşdur.[1] Qətliamın ildönümündə heyvansevərlər və heyvan hüquqları müdafiəçiləri adaya yürüş təşkil edirlər.[2]

İstinadlar

  1. 1 2 3 4 5 "3-4 Haziran: 80 bin köpeğin Hayırsızada'da katledildiği 1910 sürgününün 109. yılı". Independent Türkiye (türkcə). 4 iyun 2019. 2019-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2019.
  2. 1 2 3 "Hayırsızada'ya anma çıkarması". Hürriyet (türkcə). 3 iyun 2018. 2020-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2019.
  3. "Tarihimizin iki büyük köpek soykırımı". Hürriyet. 2021-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2019.

Xarici keçidlər