Zəlzələ

Zəlzələ — yeraltı zərbələr və Yerin üst qatının titrəməsidir. Bu həm tektonik proseslərlə, həm də partlayış, su bəndlərinin doldurulması, dağlarda yeraltı sürüşmələrlə müşayiət olunur. Vulkanların püskürməsi zamanı da kiçik yeraltı təkanlar baş verə bilər.

Zəlzələ
 
Tipləri
Foreşok
Afterşok • Hiss edilməyən zəlzələ • Sualtı zəlzələ
Sunami
Səbəbləri
Qırılma hərəkatı
Vulkanizm
Süni seysmiklik
Xüsusiyyətləri
Episentr • Hiposentr
Kölgə zona • Seysmik dalğalar
P-dalğa
S-dalğa
Ölçü
Rixter şkalası • Seysmoqraf • Seysmoqram • Maqnituda
Proqnoz
Zəlzələlərin Proqnozlaşdırılması üzrə Koordinasiya Komitəsi
Zəlzələlərin Proqnozlaşdırılması üzrə Qlobal Şəbəkə (GNFE)
Digər mövzular
Qırx dalğa bölünmə • Adams-Uilyamson tənliyi
Zəlzələ mühəndisliyi
Portal:Təbii fəlakətlər
San-Fransiskoda baş vermiş zəlzələnin nəticələri, ABŞ, 1907-ci il
Yer kürəsində zəlzələ zonaları

Yer səthində zəlzələlər yerin silkələnməsi, yerdəyişməsi və ya parçalanması ilə özünü göstərir. Böyük zəlzələnin episentri dənizdə yerləşdikdə, dənizin dibi sunamiyə səbəb olacaq qədər yerdəyişmə ola bilər. Zəlzələlər həmçinin sürüşmələrə səbəb ola bilər.

Ən ümumi mənada zəlzələ sözü seysmik dalğalar yaradan hər hansı bir seysmik hadisəni — istər təbii, istərsə də insanlar tərəfindən törədilmiş hadisəni təsvir etmək üçün istifadə olunur. Zəlzələlər əsasən geoloji qırılmaların qırılması ilə yanaşı, vulkanik fəaliyyət, sürüşmə, mina partlayışları və nüvə sınaqları kimi digər hadisələrlə də baş verir. Zəlzələnin ilkin qopma nöqtəsi onun hiposentri adlanır. Zəlzələ mərkəzi hiposentrin birbaşa üstündə yer səviyyəsində olan nöqtədir.

Güclü yeraltı təkanlar evləri və tikililəri uçura, sunami və yer sürüşmələri əmələ gətirə bilər və nəticədə insanların ölümünə səbəb ola bilər. Zəlzələ nəticəsində yerin üst qatı formasını dəyişə bilər. Zəlzələləri öyrənən elmə seysmologiya deyilir.[1]

Onun gücü maqnitud şkalası və ya enerji dərəcəsi ilə, səthi effekti intensivlik şkalasının ball dərəcəsi/ /Rixter, Merkalli/ ilə qiymətləndirilir. Hər il Yerdə qeydə alınan zəlzələlərin miqdarı yüz minlərə çatır, ancaq onların cüzi bir hissəsi dağıntıya səbəb olur /Məs: Şamaxı — 1902, San-Fransisko- 1906, Tokio — 1923, Aşqabad −1ə s./.[2]

Yerin müxtəlif süxurlardan təşkil olunması, yerin daxili qatlarında olan temperatur və təzyiq fərqi nəticəsində litosferdə müxtəlif proseslər gedir. Bu proseslər mənşəyinə görə daxili (endogen) və xarici (ekzogen) olur. Daxili proseslər Yer səthində yüksəklik və çökəklikləri yaradır. Suxurların yatım formalarını pozur, vulkan və zəlzələləri yaradır. Litosferdə çatların, qırışıqların əmələ gəlməsi ilə müşahidə olunan şaquli və üfüqi hərəkətlər tektonik hərəkətlər adlanır. Bu proseslərin təsiri nəticəsində süxur layları üfüqi, maili, şaquli vəziyyət alır və ya çatlarla müxtəlif hissələrə ayrılır.[3]

Şaquli hərəkətlər — düzənliklərə nisbətən dağlarda daha sürətlə gedir. Yerin daxilində baş verən proseslər səthdə tədrici, çoxəsrlik qalxma və enməyə səbəb olur. Məs: Hollandiya hər il 3 mm enir, Skandinaviya yarımadası isə 1 sm qalxır. Şaquli hərəkətlər nəticəsində enmiş sahə qraben, qalxmış sahə isə horst adlanır. Qrabenlərin su ilə dolması nəticəsində Baykal, Urmiyə, Van, Tanqanika, Nyasa və s. kimi göllər yaranıb. Qraben və horstlar pillə şəklində olduqda fayadlanır. Üfüqi hərəkətlər də şaquli hərəkətlər kimi tədricən baş verir. Tektonik çatlarla parçalanmış litosfer tavaları üst mantiyanın səthi ilə ildə 2–3 sm sürətlə "sürüşərək" hərəkət edir. Üfüqi hərəkətlər nəticəsində enmiş sahə antiklinal və qalxmış sahə isə sinklinal adlanır.[4]

Yerin ani bir vaxt ərzində tektonik proseslərlə əlaqədar olaraq tərpənməsinə zəlzələ deyilir. Zəlzələlərlə əlaqədar bütün proseslər seysmik hadisələr adlanır. Zəlzələni "seysmoqraf" adlı cihazla ölçürlər. Zəlzələlər dağıdıcı təsirinə görə 12 ballıq Rixter cədvəli ilə qiymətləndirilir. Baş verən dağıntılara görə zəlzələlər Merkalli cədvəli ilə qiymətləndirilir. Zəlzələlər yer qabığının fəal vulkanizm zonalarında daha çox təkrarlanır. Hər il dünyada 100 minlərlə zəlzələ baş verir ki, onların da 15–20-si daha fəlakətli olur. Onlar əsasən okeanlarda baş verir.[5]

Yerin daxilində zəlzələ törədən hərəkətlərin baş verdiyi yerə zəlzələ ocağı və ya hiposentr deyilir. Zəlzələ ocağının üzərində olan yer səthinə (və ya proyeksiyasına) zəlzələ mərkəzi və ya episentr deyilir. Yeraltı təkanlar zəlzələdan ən qısa məsafə qət etdiyi üçün ən güclü dağıntı episentrdə baş verir. Episentrdən aralandıqca dağıntı və insan tələfatı azalır. Zəlzələ ocağı dərində yerləşdikcə zəlzələ daha geniş ərazini əhatə edir. Zəlzələ ocağı dayazda yerləşdikdə isə zəlzələnin yer səthində yayıldığı sahə kiçik olsa da, daha çox dağıntı törədir. Zəlzələlər çox güclü vulkan partlayışı nəticəsində də baş verir. Dünyada ən güclü zəlzələlər Amerikanın qərb sahilindəki Kordilyer-And dağlarında, Cənubi Avropa ilə Asiya arasındakı Alp-Himalay dağlıq qurşağında, Sakit Okeanın qərb sahilindəki müasir geosinklinal qurşaqda (Yaponiya, Indoneziya, Filippin və s.) baş verir. Avstraliya, Braziliya yaylası, Labrador yarımadasında isə zəlzələlər demək olar ki, baş vermir. Izoseyslər- seysmik xəritələrdə –eyni güclü seysmik təkanların hiss olunduğu məntəqələri birləşdirən xəttlərdir. Mantiyanın yuxarı hissəsindəki ərimiş maddələr – maqma yüksək təzyiq altında daxili proseslər nəticəsində Yer qabığında əmələ gəlmiş çatlarla yuxarıya doğru hərəkət edir. Maqmanın bir hissəsi Yer səthinə çatmamış soyuyub Yer qabığının müxtəlif hissələrində qalır, digər hissəsi isə yüksək təzyiq altında səthə çıxaraq sel kimi axır. Səthə çıxmış maqma – lava adlanır. Lava soyuduqdan müxtəlif hündürlüklü təpələr əmələ gətirir ki, buna vulkan deyilir. "Vulkan" qədim romalılarda od allahıdır. Vulkan lavası sıyıq olduqda qalxanvari relyef forması (Havay tipli vulkanlar) yaradır. Lava qatı olduqda əsl konus yaradır.(Stratovulkan). Maqmanın Yer səthinə çıxdığı kanala vulkan boğazıdeyilir. Vulkan püskürməsi zamanı əmələ gəlmiş təpənin zirvəsindəki çökəkliyə krater deyilir. Kraterdən yer səthinə çoxlu miqdarda qaz, su buxarı, vulkanik toz, kül və lava cıxır. Diametri 1,5 km-dən böyük olan krater kaldera adlanır. Eroziya və denudasiya prosesləri vulkan dağını aşındırır, lakin vulkan boğazında qalıb, soyuyaraq bərkimiş lava-nekk adlanan qayalı relyef əmələ gətirir. Boğaz və krater vulkanın elementləridir. Vulkanlar — fəaliyyətdə olan və sönmüş vulkanlara bölünürlər. Püskürməsi bəşəriyyətin yaddaşında qalan vulkanlar fəaliyyətdə olan vulkan adlanır. Dünyada 817 fəaliyyətdə olan vulkan mövcuddur ki, onların 620 — si yaxın keçmişdə püskürüb. Bu vulkanların 75%-i Sakit okeanın "odlu həlqəsində" (məs. Klyucevskaya Sopka, Fudziyama və s.) və İndoneziya adalarındadır. Bundan başqa Cənubi Avropa və And dağlarında da çoxlu fəaliyyətdə olan vulkan mövcuddur. Fəaliyyətdə olan vulkanlardan — Vezuvi, Etna, Stromboli (Italiya), Hekla (Islandiya), Kamerun (Afrika), Fudziyama, Azo (Yaponiya), Klyuçevskaya Sopka (Rusiya), Orisaba, Taxamulko, Popokatepeti (Şimali Amerika) — Şimal yarımkürəsində; Kilimancaro (Afrika), Kotopaxi, San-Pedro, Ruis, Lyulyalako (C. Amerikada), Erebus (Antarktida), Krakatau (Indoneziya) -Cənub yarımkürəsində yerləşir. Dünyada fəaliyyətdə olan ən yüksək vulkan Cənubi Amerikadakı Lyulyalako (6723 v) dağıdır. Yer kürəsində fəaliyyətdə olan vulkanlara nisbətən sönmüş vulkanlar daha çoxdur. Onların püskürməsi haqqında heç bir tarixi məlumat yoxdur. Qafqazın ən hündür zirvələri Elbrus, Kazbek, Azərbaycandakı — Böyük Işıqlı, Qızılboğaz, Savalan sönmüş vukanlardır.[6]

Zəlzələ və vulkanlar əsasən geosinklinal (dağlıq) ərazilərdə — litosfer tavalarının sərhəddində geniş yayılıb. Qədim platforma sahələrində (düzənliklərdə) zəlzələ və vulkanlara rast gəlinmir. Vulkanların bir növü olan palçıq vulkanları püskürdükləri lavanın temperaturunun az olması ilə fərqlənirlər. Lavanın tərkibində su çox olduğuna görə sıyıq palçığa oxşar gilli kütlə kimi axır və içərisindən qaz qabarcıqları çıxır. Bu vulkanlara ən çox neftli-qazlı sahələrdə rast gəlinir və onlardan müalicə məqsədilə istifadə edilir. Vulkan borusunun ətrafında toplanan kəsəkli palçıq-brekçi adlanır. Azərbaycan palçıq vulkanlarının ən çox yayıldığı ərazilərdəndir (xüsusilə Abşeron və Qobustanda). Vukan və zəlzələlərin yayıldığı bəzi ərazilərdə yeraltı sular adətən yüksək temperatura malik olur. Bu sularda çoxlu duz və qaz olduğu üçün onlar mineral sular adlanır. Suların isti olmasına səbəb Yer səthinə yaxın olan qaynar maqmanın təsiridir. Isti sular yerin daxilindəki çatlarla səthə çıxır, bulaq şəklində çay və dənizlərə tökülür. Bəzən yeraltı sular yüksək təzyiq altında səthə çıxaraq fəvvarə vururlar. Fəvvarə şəklində Yer səthinə çıxan isti bulaqlaraqeyzerlər deyilir. Qeyzerlər adətən müəyyən fasilələrlə fəvvarə vururlar. Hər 1 qeyzerdə su buxarının səthə çıxdığı dairəvi çökəkliyə qrifon deyilir. Qeyzer sularının tərkibində həll olmuş halda müxtəlif mineral birləşmələr, xüsusi ilə kükürdlü maddələr olur. Qeyzer qrifonlarının kənarında toplanan bu minerallar qeyzerit adlandırılan süxurlar yaradırlar. Qeyzerlər ən çox — Islandiya, Kamçatka, Yeni Zelandiya və Sakit okean adalarında yayılıb. Yeraltı isti sulardan evlərin, istixanaların qızdırılmasında, mineral sulardan isə müalicə məqsədilə istifadə edilir.[7]

Zəlzələlərin növləri

[redaktə | mənbəni redaktə et]

Müasir elm zəlzələləri 3 tipə ayırır:

  • Denudasiya zəlzələləri
  • Vulkanik zəlzələlər
  • Tektonik zəlzələlər

Denudasiya zəlzələləri

[redaktə | mənbəni redaktə et]

Denudasiya zəlzələləri torpağa süzülən su, onun bəzi hissələrini həll edir və özü ilə aparır. Yeraltı sular dağıdıcı fəaliyyəti asanlıqla həll olan süxurlarda, məsələn, daş, duz, gips, əhəngdaşı və inkişaf etdiyi yerlərdə meydana çıxır. Bu suların yerinə boşluqlar və ya mağaralar əmələ gəlir. Zaman keçdikcə həmin boşluqların tavan hissələri ağırlıq qüvvəsini təsiri altında aşağı uçur və şiddətli yerə dəyərək zəlzələnin əmələ gəlməsinə səbəb olur.

Müşahidələr göstərir ki, uçma birdən-birə baş verirsə, zəlzələ bir neçə dəqiqədən artıq davam etmir. Bəzən seysmik hərəkətlər bir neçə zəlzələ şəklində meydana çıxır. Bir zərbənin ardınca ikinci və sonrakılar hiss olunur: burada ayrı-ayrı zəlzələlər arasındakı fasilə bir neçə gün ola bilər. Həmin hadisənin səbəbi odur ki, əmələ gəlmiş baş zərbə həmin mağaranın başqa yerlərində və qonşu mağaralarda müvazinətin pozulması və əlavə uçqunların əmələ gəlməsinə səbəb olur. Bu kimi zəlzələlərə uçma və karst deyilir. Yerin ozeyi ve qabigi zelzelenin yaranmasinda cox boyuk bir rol oynayir

Vulkanik zəlzələlər

[redaktə | mənbəni redaktə et]

II tip zəlzələlər vulkanik fəaliyyətlə əlaqədardır. Burada vulkan fəaliyyətinin ən dəhşətli dövrünü xatırlamaq kifayətdir: hər bir partlayış zamanı müxtəlif böyüklükdə olan bərk püskürmə məhsulları atılır, kraterin dibi titrəyir. Püskürmədən əvvəl vulkan ətrafında hiss olunan müxtəlif yeraltı zərbələr bu qəbildəndir. Vulkanik zəlzələlərin səbəbləri üstdəki layların təzyiqinə üstün gələ bilməyən qazların partlamasından ibarətdir. Yerin titrəməsinin böyük qüvvəyə çatmağına baxmayaraq, onlar böyük sahəyə yayıla bilmir. Vulkanik zəlzələnin yayılmasının nə qədər məhdud olduğunu bundan bilmək olar ki, Mon-Pele vulkanının püskürməsi zamanı ən yaxın seysmoqraflar heç bir zərbə və təkan qeyd etməmişlər.

Tektonik zəlzələlər

[redaktə | mənbəni redaktə et]

III tip zəlzələlər Yer qabığında qırışıqların və çatların əmələ gəlməsi ilə əlaqədardır.

Tektonik zəlzələlər vulkanik və karst zəlzələsindən aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir:

  • yayıldığı sahənin böyüklüyü;
  • əmələ gəldiyi parçalanma və pozulmaların böyük ölçüdə olması;
  • əhəmiyyətli məsafədə zərbələrin eyni zamanda baş verməsi;
  • bu zəlzələnin mərkəzi müxtəlif, bəzən böyük dərinlikdə olması ilə fərqlənir.

Zəlzələlərin ancaq əhəmiyyətsiz hissəsi vulkanizm, mağara tavanlarının uçması, şaxtalarda uçqunların baş verməsi ilə əlaqədardır. Demək olar ki, zəlzələlərin hamısı tektonik zəlzələlərdir. Planetimizin daxilində təsir edən daxili qüvvələr tədricən toplanır və hər hansı bir yerdə süxurların müqavimətetmə qabiliyyətindən artıq olduqda, həmin süxurların birdən-birə parçalanması və ya çatlaması baş verir. Parçalanma, hər tərəfə yayılmaqda olan və öz yolunda rast gələn maddələri rəqsi hərəkətə gətirən elastik dalğalar yaradır. Süxurların ilk parçalanma yeri zəlzələnin mərkəzi olur. Mərkəzdə zəlzələ həmişə qısa müddətli olur. Ən güclü təkanlar da belə bir neçə saniyə davam edir. Yalnız Çilidə olan zəlzələlər bir neçə on saniyə davam edir. Toplanmış enerjinin azad olması sürətlə baş verir: enmə, qalxma, üfiqi istiqamətdə sürüşmə və ya mürəkkəb hərəkətlə parçalanma müstəvisi boyu uzunu yayılır.

Yer daxilində zəlzələyə səbəb olmuş ilk hərəkətin baş verdiyi yerə hiposentr deyilir.

Zəlzələnin proqnozu

[redaktə | mənbəni redaktə et]

Zəlzələnin proqnozu üsullarından biri Yer qabığında müxtəlif səslərə qulaq asmaqdan ibarətdir. Yer qabığında hər bir böyük pozğunluqdan qabaq xırda pozğunluqlar baş verir, bu pozğunluqlar zəlzələ yaratmır, lakin hazırlıq işi aparır. Bu ibtidai pozğunluqlar müxtəlif səslər yaradır, səslərə qulaq asmaq üsuluna əsasən həssas səs sihazları ilə bu səsləri eşitmək mümkün olur.

Zəlzələ proqnozunun ikinci üsulu, meylölçənlər vasitəsilə Yer səthinin meylini öyrənməkdən ibarətdir. Bu cihazlar Yer səthinin ən kiçik meylini böyük dəqiqliklə ölçür. Meylölçənlər Yer qabığının hərəkətləri ilə və zəlzələyə hazırlıq işləri ilə əlaqədar olan meylləri qeyd etməkdən başqa, xarici səbəblər nəticəsində baş verən meylləri də göstərir. Təəssüf ki, meylölçənin ümumi qeydlərindən, daxili səbəblərin yaratdığı meyli ayırmaq böyük çətinlik törədir.

Üçüncü üsul atmosferin elekrtik vəziyyətini dəyişməsi, yəni zəlzələdən qabaq və zəlzələ zamanı elektromaqnit dalğaların əmələ gəlməsi üzərində aparılan müşahidələrə əsaslanır. Lakin bu müşahidələr hələlik təsadüfi olub, sistematik tədqiqat aparmağı tələb edir.

Ümumiyyətlə, zəlzələ haqqında əvvəlcədən xəbər verən bir sıra əsaslandırılmış üsullar vardır. Bu üsullar yalnız zəlzələ ərəfəsində yaxşı nəticə verə bilər.

Dərinlik xüsusiyyətinə görə zəlzələlər 4 qrupa bölünür.

  • Səth zəlzələləri(hiposentr 10 km-ə qədər dərinlikdə yerləşir)
  • Normal zəlzələlər(hiposentr 10–60 km dərinlikdə yerləşir)
  • Dərinlik zəlzələləri(hiposentr 60–300 km dərinlik də yerləşir)
  • Çox böyük dərinlikli zəlzələləri(hiposentr 300–700 km dərinlikdə yerləşir)

Yer kürəsində baş verən zəlzələlər daha çox səth və normal zəlzələlərdir. Çox böyük dərinlikli zəlzələlər adətən Sakit Okean "Odlu qövsü"də baş verir. Zəlzələ ocağı nə qədər dərindirsə dalğaların təsir etdiyi ərazi də bir o qədər geniş olur. Zəlzələ ocağının Yer səthinə perpendikuliyar proyeksiyası "episentr" adlanır.[8]

Yaranma səbəbləri

[redaktə | mənbəni redaktə et]

Zəlzələnin baş verməsi üçün ilkin şərtlərdən biri də, yerin altında kövək süxurların olmasıdır. Yerin mərkəzinə tərəf irəlilədikcə temperatur artır. Nəticədə suxurlar nisbətən yumşaq olur və burada zəlzələnin yaranması üçün az imkan olur. Zəlzələ ona görə də yerin üst qatlarına yaxın zonalarda cəmləşir. Bəzi hallarda zəlzələ yerin 700 km dərinliyinə qədər işləyə bilirlər. Əgər iki lay toqquşarsa onda, sıxlığı yüksək olan yüngül layı aşağıya yerin dərinliyinə itələyir. Bu Vadati-Buniof-Zonaları adlı model ilə izah olunur.

Zəlzələlər həmçinin vulkan püskürməsi nəticəsində də yarana bilərlər. Ancaq burada baş verən zəlzələni tektonik enerjisi məhduddur.

Zəlzələ zamanı Yerdə müxtəlif dalğalar yaranır. Bu dalğalar bütün yer kürəsinə yayılır və seysmoloqlar tərəfindən yerin istənilən nöqtəsində ölçülə bilir. Bu dalğalar yerin üst qatında baş verən dağıntılara səbəb olur.

Bəşəriyyət tarixində — 10 ən böyük zəlzələ

[redaktə | mənbəni redaktə et]
12 ballı şkala üzrə
Tarix Yer Maqnitudu Qurbanların sayı, nəfər
22 may 1960-cı il Çili 9.5 6000
26 dekabr 2004-cü il İndoneziya, Sumatra 9.3 230210
27 mart 1964-cü il Alyaska, ABŞ 9.2 125
9 mart 1957-ci il Andreyanovsk adası (Alyaska) 9.1 Məlum deyil
4 noyabr 1952-ci il Kamçatka, SSSR 9.0 2000-dən çox
13 avqust 1868-ci il Çili 9.0 25000-dən çox
may 526-cı il Antioxiya (müasir Türkiyə) 9.0 250000–300000
26 yanvar 1700-cü il Kanada 9.0 Məlum deyil
27 fevral 2010-cu il Çili 8.8 432
31 yanvar 1906-cı il Ekvador-Kolumbiya 8.8 1500-ə qədər
  • Fuad Sultanov, Z. Sultanova. "Zəlzələlər", Bakı, "Azərnəşr", 1958.

Редактор — составитель Александр Соловьев. Апокалипсис. М.: Коммерсанть: Ексмо, 2010, 336 с.

  1. Arif Həsənov,Tahir Məmmədli. "Seysmologiyanın əsas elementləri". ek.anl.az. 27 aprel 2023-cü il tarixində arxivləşdirilib.
  2. Zəlzələ // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.
  3. Stephen Marshak, Earth: Portrait of a Planet (New York: W. W. Norton & Company, 2001): 305–6.
  4. "Liquefaction," in Earthquake Glossary of the United States Geological Survey, date accessed: April 23, 2017. https://earthquake.usgs.gov/learn/glossary/?term=liquefaction Arxivləşdirilib 2022-05-31 at the Wayback Machine
  5. Simon J. Day, "Landslides," in Encyclopedia of the Natural World Ser.: Encyclopedia of Islands ed. Rosemary Gillespie and David Clague (California: University of California Press, 2009): 535.
  6. Tsunami Strike Japan Arxivləşdirilib 2022-01-06 at the Wayback Machine – Ocean Today
  7. Kirk, R.M. "Rates and forms of erosion on intertidal platforms at Kaikoura Peninsula, South Island, New Zealand". New Zealand Journal of Geology and Geophysics. 20 (3). 1977: 571–613. doi:10.1080/00288306.1977.10427603. ISSN 0028-8306.
  8. Təbiətşünaslığın əsasları [ölü keçid]