Hokkaydo Koloniyalaşdırma Komissiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Hokkaydo Koloniyalaşdırma Komissiyasının bayrağı.

Hokkaydo Koloniyalaşdırma Komissiyası və ya Kaytakuşi (開拓使?)Meyci dövründə Yaponiyada fəaliyyət göstərmiş dövlət komissiyası.[1] 1869-82-ci illərdə fəaliyyət göstərmişdir.[1] Komissiyanın əsas məqsədi Hokkaydo adasının administrasiyası və inkişafı ilə məşğul olmaq idi.[1]

Tarixi

Ezo adasının, eləcə də, şimaldakı digər adaların strateji əhəmiyyətini nəzərə alan Meyci hökuməti 1869-cu ilin avqustunda bu komissiyanı təşkil etmiş, Ezo adasının adını Hokkaydo, Saxalin adasının adını Karafuto olaraq dəyişdirmişdir.[1] 1875-ci ildə Rusiya ilə imzalanan Sankt-Peterburq müqaviləsinə əsasən Saxalin adası Rusiyanın idarəçiliyinə, Kuril adaları isə Hokkaydo Koloniyalaşdırma Komissiyasının idarəçiliyinə verilmişdir.[1]

Komissiyanın baş qərargahı Sapporo şəhərində yerləşirdi və direktor ilə vitse-direktor tərəfindən idarə olunurdu.[1] Keçmiş Satsuma hanından olan Kuroda Kiyotakanın direktor seçilməsindən sonra komissiya keçmiş satsumalı samuraylar üçün siyasi təşkilata çevrilmişdir.[1]

1872-ci ildə komissiya üçün dövlət büdcəsindən 10 milyon yen məbləğində maddi vəsait ayrılmışdır.[1] Bu məbləğ 10 il müddəti üçün nəzərdə tutulmuşdu.[1] Komissiya bu büdcə ilə bir çox xarici mütəxəssis dəvət etmiş, hökumət dəstəkli biznes yerləri açmış, yeni kənd təsərrüfatı texnikalarını yaymış, yollar və dəmiryolları tikdirmişdir.[1] Komissiyanın dəstəyi ilə Sapporo Kənd Təsərrüfatı Kolleci qurumuşdur.[1] Bu kollec gələcəkdə Hokkaydo Universitetinə çevrilmişdir.[1]

Hokkaydo Koloniyalaşdırma Komissiyasının Sapporo şəhərində yerləşən baş ofisi.

Komissiya Hokkaydoya miqrasiyanı təbliğ etmiş, Yaponiyanın şimal-şərqində yaşayan keçmiş samurayların Hokkaydoya köçməsinə şərait yaratmışdır.[1] Məhbuslar Hokkaydoya gətirilərək icbari əməkdə işlədirilirdilər.[1]

Ləğvi

Komissiyanın fəaliyyəti əsasən Sapporo və ətrafında cəmləşdiyi, eləcə də, bu fəaliyyətlər təcrübə mərhələsini keçə bilmədiyi üçün komissiya öz məqsədinə tam şəkildə çata bilməmişdir.[1] Hokkaydoda yaşayan aynuların balıqçılıqovçuluq məşğuliyyətlərindən, torpaqlarından mərhum edilmiş, həyatları məhdudlaşdırılmışdır.[1] Aynu torpaqlarının çoxu dövlət mülkü elan olunmuşdur.[1]

1881-ci ildə komissiyaya məxsus torpaqların biznesmenlər konsorsumuna satılması təklifi böyük skandala səbəb olmuşdur.[1] Bu skandal hökumətdə 1881-ci il böhranına səbəb olmuş və 1882-ci ildə komissiyanın fəaliyyətini dayandırması ilə nəticələnmişdir.[1] 1882-ci ildə Hokkaydo adasında 3 prefektura – Hakodate, SapporoNemuro prefekturaları təşkil olunmuşdur.[1] Lakin 1886-cı ildə bu prefekturalar birləşdirilərək vahid Hokkaydo prefekturası yaradılmışdır.[1]

İstinadlar

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). IV cild. Tokio: Kodansha. 1983. səh. 113. ISBN 0-87011-624-7. İstifadə tarixi: 4 iyun 2022.