Nisə Mehdiyeva

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Mehdiyeva Nisə Əşrəf qızıMikrobiologiya sahəsində ilk qadın elmlər doktoru (1969), professor (1986).[1]

Haqqında

1928-ci il aprel ayının 12-də Bakıda anadan olmuşdur.

O, 1950-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetini müvəffəqiyyətlə bitirmişdir. Nisə Mehdiyeva 1950-1952-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) müəllim işləmiş, 1952-1955-ci illərdə SSRİ Elmlər Akademiyasının Botanika İnstitutunun aspirantı olmuşdur. Nisə Mehdiyeva 1955-ci ildə namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1986-cı ildə mikrobiologiya üzrə respublikada ilk professor elmi adını almışdır.

Nisə Mehdiyeva 1955-1957-ci illərdə Respublika Elmlər Akademiyasının Rəyasət Heyətində biologiya üzrə elmi katib işləmişdir. 1958-ci ildə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaq biologiyası laboratoriyasını təşkil edərək akademiyada mikrobiologiya elminin əsasını qoymuşdur. 1968-ci ildə akademiyada ilk dəfə neft mikrobiologiyası sahəsində laboratoriyaya rəhbərlik etmişdir. Nisə Mehdiyeva 1972-ci ildə laboratoriya Mikrobiologiya sektoru, 1994-cü ildə isə Mikrobiologiya İnstitutu statusu almışdır. 1958-ci ildən 1981-ci ilədək bu elmi müəssisəyə, 1995-ci ilədək laboratoriyaya rəhbərlik etmişdir.

1995-1996-cı illərdə Qafqaz Universitetində Mikrobiologiya Mərkəzinin rəhbəri və Elmi işlər üzrə prorektor vəzifəsində fəaliyyət göstərmişdir.

Mikrobiologiyanın müxtəlif problemləri üzrə 130 elmi məqalənin, bir elmi kinofilmin, 9 müəlliflik şəhadətnaməsinin, 4 kitabın müəllifi olan Nisə Mehdiyevanın rəhbərliyi altında respublikada və onun xaricində 10 fəlsəfə doktoru, 2 elmlər doktoru yetişmişdir.

Professor Nisə Mehdiyevanın apardığı elmi işlərin əksəriyyəti torpaq ekosistemində çox mürəkkəb münasibətdə olan mikroskopik heyvanlar və göbələklər arasındakı qarşılıqlı əlaqəsinə həsr edilmiş, bu sahədə maraqlı elmi-praktik əhəmiyyətli nəticələr əldə etmiş və bu problemlə bağlı tədqiqatlara SSRİ Elmlər Akademiyasında rəhbərlik etmişdir. Elmi işini ömrünün sonunadək davam etdirən professor ingilis-rus-Azərbaycan dillərində ilk mikrobioloji lüğət və Azərbaycanda “Mikologiya” kitabını yazaraq yenidən çap etdirmişdir.

Nisə Əşrəf qızı Mehdiyeva 2017-ci il oktyabr ayının 18-də vəfat etmişdir.[1]

İstinadlar

  1. 1 2 "Xalqın yaddaşında yaşayacaq alim – Nisə xanım Mehdiyeva... Bakı xəbər.- 2017.-S.15". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-08.