Olimpiya akvilegiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Olimpiya akvilegiyası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Olimpiya akvilegiyası (lat. Aquilegia olympica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin akvilegiya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri

Hündürlüyü 60 sm-ə qədər olan, yuxarı hissəsində budaqlanmış, vəzili-tükcüklü, çoxillik ot bitkisidir. Gövdəsi 60 sm hündürlükdədir. Yarpaqları ikiqat üçərdirlər, üstdən tünd yaşıl, altdan bozumtul rəngli, kökətrafı uzun saplaqlı, gövdə qısa saplaqlı, yuxarıdakılar kiçilmiş, oturaq, üç yerə bölünmüşdür. Çiçəkləri tək, 5–10 sm diametrində, uzun vəzili çiçək saplağında yerləşmiş, göy rəngli olub, ağ büküşlü və tükcüklüdür. Ləçəklərin ayası dəyirmi, ağ, qurtaracağında ensizkonusvari,uzunluğu 1-2 sm olan, qarmaqşəkilli əyilmiş mahmızlıdır. Toxumları qara, xırda qırışlıdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun və Iyul aylarına təsadüf edir. Kseromezofitdir. Toxumla çoxalır. Kolluqlarda, çəmənlərdə, meşə talalarında subalp qurşağından alp qurşağına kimi rast gəlinir. Zəhərlidir. Dərman və dekorativ bitkisidir.

Yayılması

Böyük Qafqazın Quba sahəsi və qərb hissəsi, Kiçik Qafqazın şimal hissəsi. Kolluqlarda, çəmənlərdə, meşə kənarlarında bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.

Sayı və tendensiyası

Populyasiyasının təbii bərpasında mənfi təsirlərdən asılılığı müşahidə olunur, azalma tendensiyasına meyillidir.

Məhdudlaşdırıcı amillər

Əhali tərəfindən dekorativ əhəmiyyətinə görə yığılması, otarılma, tapdalanma və iqlim amillərinə həssaslıq.

Mühafizə tədbirləri

Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması tələb olunur.

İstinadlar

Həmçinin bax