Kimdir müqəssir (pyes)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

"Kimdir müqəssir" (pyes) - Əbdürrəhim bəy Haqverdiyev tərəfindən qələmə alınan iki məclisdən ibarət vodevil.

Əsər haqqında

[redaktə | mənbəni redaktə et]

"Kimdir müqəssir" pyesi 1909-cu ildə Kaspi mətbəəsi tərəfindən Bakıda nəşr edilib. Əbdürrəhim bəy Haqverdiyevin 1909-cu ildə qələmə aldığı bu vodevil iki məclisdən ibarətdir. Vodevildə gənc ailə Mahmud və Baharın başına gələn hadisələr təsvir olunur. Yoxsulluqdan bezən Mahmud və Bahar həmişə varlı olmağın xəyalını qururlar. Onlara bu şəraiti Qasım bəy yaradır. Lakin buna baxmayaraq, sonda yenə yoxsullaşırlar. Bu yolla yazıçı varlı olmaq üçün insanın ağıllı olmağının vacibliyini vurğulayır. "Kimdir müqəssir" pyesi yazıçının məşhur əsərləri arasında yer almamasına baxmayaraq bəzi teatrların repertuarındadır.[1]

Əsərin xülasəsi

[redaktə | mənbəni redaktə et]

Vodevilin əvvəlinci məclisi Mahmudun evində kənddə baş verir. Kənddə yoxsul həyat yaşayan Mahmud həyat yoldaşından çox şikayət edir. Belə vəziyyətdə yaşamaqlarının tək səbəbkarının yoldaşı olduğunu düşünür. Lakin özü bir odun yarmaqda tənbəllik edir. Günlərin bir günü Mahmud odun yaranda yoldaşı bazardan evə qayıdır. Mahmud yoldaşına belə yaşamaqdan bezdiyini və onun bu vəziyyətə görə cavabdeh olduğunu söyləyir. Hətta yoldaşına Adəm və Həvvanın hekayəsini misal gətirərək ailədə baş verən bütün fəlakətlərin qadınlardan qaynaqlandığını deyir.

Bahar isə yoldaşına onu günahlandırmayı kənara qoyub, bir az işləməyi məsləhət görür. Aralarında kiçik mübshisə olsa da, daha sonra barışırlar. Bu vaxt evlərinin qarşısından keçən Qasım bəy onların bu söhbətinə şahid olur və onların evinə gedir. O, varlı olduğunu, lakin mirasını bağışlayacağı birinin olmadığını deyir. Onların söhbətini eşitdiyini və mirasının bir hissəsini onlara vermək istədiyini, bir saat sonra onları öz evində gözlədiyini bildirir.

İkinci məclisdə hadisələr Qasım bəyin evində vaqe olur. Mahmud və Baharı qarşılayan Qasım bəy onları evinə dəvət edir. Qasım bəy hal-hazırda qonaq olduqları evi onlara bağışlayacağını deyərkən tək bir şərt irəli sürür. Həmin şərtdə isə deyir ki, otaqda gördüyünüz ağzı örtülü qabı üç saat boyunca yerindən tərpətməyin və ağzını açıb içinə baxmayın. Çünki bu qabın içində bir şey var ki, onu siz gərək üç saat görməyəsiniz. Üç saatdan sonra qabın içindəkini sizə verəcəm. Mənim şərtim budur, əgər əməl etsəniz gördüyünüz bu var-dövlət hamısı sizin olacaq. Qasım bəy bunları deyib gedir.

İki saat süfrədəki nemətlərdən yeyərək əylənən cütlük ağzı örtülü qaba baxmırlar. Onlar artıq dövlətli olmaqlarının sevincini yaşayırlar. Lakin iki saatdan sonra ağzı qapalı qab Baharın diqqətini çəkir. Bahar qaba yaxınlaşanda Mahmud ona icazə vermir. Lakin heç cür qabdan fikrini ayıra bilməyən Bahar yoldaşı ilə mübahisə edir. Baharın təkidnidən sonra Mahmud üç saat tamam olmadan qabı açır. Qabın içindən bir quş çıxaraq itaqda uçmağa başlayır. Onlar nə qədər çalışsalar da, quşu tuta bilmirlər. Üç saat tamam olandan sonra Qasım bəy gəlir. O qabın boş olduğunu görür və onları evindən göndərir. Baharla Mahmud kədərlənərək evlərinə geri qayıdırlar.[1]

Əsərin dili və üslub xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Pyesdə yazıçı digər əsərlərindən fərqli olaraq farsca və ərəbcə sözlərə daha çox yer verir. Yazıçının istifadə etdiyi dil bu gün rahatlıqla anlaşılır. Haqverdiyev əsərdə deyimlərdən çox istifadə edib. “İlan dili çıxartdı”, “Ayaqlarım tökülür”, “Göyşək mal kimi o yan-bu yana tutrsan”, “Başımı daşın böyüyünə döymüşəm”, “Çörək bacadan düşür”, “Qarnım sabunsuz araba çarxı səsi verir”, “Atını, itini alıqlayır”. Eyni zamanda əsərdə xalqın çox istifadə etdiyi qarğışlara da rast gəlinir: “Evi yıxılmış!”, “Başın batsın”, “Alah səni döysün!” və s. Yazıçı digər dramlarından fərqli olaraq bu əsərdə jarqon ifadələrə də yer vermişdir. Bu tip ifadələrdən isitfadə etməklə yazıçı əsərin dilini orijinal tutmağa çalışıb. Jarqon ifadələr Mahmud və Baharın öz aralarındakı söhbətdə istifadə olunmuşdur: “qələt eləmişəm”, “cəhənnəmə istəsin”, “qanmaz”, “axmaq”, “səfeh”.[1]

  1. Yuxarıda get: 1 2 3 Ayvaz MORKOÇ. "Abdurrahim Bey Hakverdiyev Hayatı-Sanatı ve Tiyatro Eserleri.pdf" (PDF) (türk). 3 iyun 2020 tarixində arxivləşdirilib (PDF).