Fəzail Miskinli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fəzail Orucov
Orucov Fəzail Cəfər oğlu
Ümumi məlumatlar
Doğum tarixi 12 mart 1976(1976-03-12) (48 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti aşıq, müəllim, musiqiçi, alim
Təhsili
Üzvlüyü
Elmi dərəcəsi
  • sənətşünaslıq üzrə fəlsəfə doktoru[d]
Mükafatları Azərbaycan Respublikasının əməkdar müəllimi

Fəzail Cəfər oğlu Orucov (12 mart 1976, Çaldaş, Gədəbəy rayonu) — Azərbaycan aşığı; sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent;[1] Azərbaycan Aşıqlar Birliyinin və Yunus Emre kültür mərkəzinin (2000) üzvü.

Fəzail Orucov 12 mart 1976-cı ildə Gədəbəy rayonunun Çaldaş kəndində qulluqçu ailəsində doğulmuşdur. 1984-cü ildə Gədəbəy rayonunda keçirilən "Gədəbəyin yazı – aşığın sazı" adlı müsabiqənin laureatı olmuşdur. 1993-cü ildə orta məktəbi bitirib və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bədii yaradıcılıq fakültəsinin teatr-rejissorluğu ixtisasına daxil olmuşdur. 1997-ci ildə universitetin bakalavr pilləsini bitirib, teatrşünaslıq ixtisası üzrə magistraturaya qəbul olmuşdur. 1999-cu ildə magistraturanı bitirib, teatrşünaslıq ixtisası üzrə aspiranturaya qəbul olmuşdur.

2000-ci ildən etibarən Yunus Emre kültür mərkəzinin üzvüdür. Xarici ölkələrdə Almaniyada, Fransada, İspaniyada, Malayziyada, Özbəkistanda, İranda, Çində, Qazaxıstanda, Macarıstanda, Maltada, Belarusiyada, Qırğızıstanda, Rusiyada, Bosniyada, Azərbaycan aşıq musiqisini təmsil etmişdir.

Elmi-pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1999-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.[2] Eyni zamanda AMEA Folklor İnstitutunda laborant, elmi işçi vəzifələrində çalışmışdır. Aşıq sənəti ixtisası üzrə ilk proqramın müəlliflərindən biridir (2001-ci il).

2003-cü ildə "Azərbaycan teatr mədəniyyətində dastan janrının təzahür formaları" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.[3]

Aşıq sənəti və Teatr adlı dərs vəsaitinin, Xalq dastanlarının səhnə təcəssümü adlı monoqrafiyanın, Müşayiət sinfi proqramının, müxtəlif eyni zamanda Aşıq sənəti ixtisası bakalavr və Magistr proqramının həmmüəliflərindəndir.

Fəzail Orucovun 20-dən çox məqalələri müxtəlif ölkələrdə və ölkəmizdə fərqli jurnallarda dərc olunmuşdur. Aşıq sənəti ixtisasında təhsil alan tələbələr üçün tərtib olunan Azərbaycan folkloru proqramının müəllifidir. Hal-hazırda ADMİU-nun Aşıq sənəti kafedrasında dosent vəzifəsində çalışır. Elmi dərəcəsi isə sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

Musiqiçi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

YUNESKO-nun təşəbbüsü ilə Fransada işıq üzü görmüş Azərbaycan Aşıq Musiqisi Antologiyasında Fəzail Orucovun ifasında 2 aşıq havası yer almışdır. Bakı şəhərində keçirilən birinci və ikinci beynəlxalq ozan aşıq festivalında iştirak etmiş, Mədəniyyət və Turizm nazirliyi tərəfindən fəxri fərman və mükafata layiq görülmüşdür. 2008-ci ildən 2018-ci ilə qədər Azərbaycan Aşıqlar Birliyinin idarə heyətinin üzvü olmuşdur. Birinci beynəlxalq ozan aşıq festivalının musiqi rəhbərliyi Fəzail Orucova həvalə olunmuş və layiqincə öhtəsindən gəldiyinə görə növbəti mükafata layiq görülmüşdür. 18 ildir ki, mart ayında dövlət səviyyəsində keçirilən Novruz Bayramı tədbirində öz tələbələri ilə ölkə rəhbərinin qarşısında çıxış etmişdir. Eyni zamanda Beynəlxalq Muğam Mərkəzində, Mahnı teatrında, Akademik teatrda solo konsertlər vermişdir.

Qazaxıstanda Kruman Kazi mükafatına, Özbəkistanda Narbek Baxşı mükafatına, Malayziyada müsəlman dünyası musiqi festivalının mükafatına, Qırğızıstanda Manas mükafatına, Türkiyədə Yunis Emre və Aşıq Şenlik, Konyada Mövlana mükafatına layiq görülmüşdür. Bununla yanaşı müxtəlif ölkələrdə konfrans və simpoziumlarda iştirak etmişdir.

2022-ci ildə "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif olunmuşdur.

13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adı ilə təltif edilmişdir.[4]

Ailəlidir. İki övladı var.

  1. "Görkəmli şəxslər: Orucov Fəzail Cəfər" (az.). gedebey-ih.gov.az. 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-26.
  2. Zəlimxan Yaqub Bakıda pulsuz saz kursu açdı Arxivləşdirilib 2023-07-21 at the Wayback Machine. 16 oktyabr 2012
  3. "Dissertasiyaların Elektron Məlumat Bazası: Orucov Fəzail Cəfər oğlu". millikitabxana.az. 2023-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-26.
  4. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]