Çözümlülük – 1. Kəsilməz kəmiyyətin onun rəqəmli analoqu ilə verilməsinin dəqiqliyi. 2. Görüntünün dəqiqliyini müəyyənləşdirən xarakteristika.
Görüntü displeyə çıxarıldıqda onun çözümlülüyü ekrandakı piksellərin sayı ilə müəyyən olunan bir düymdəki nöqtələrin sayına, printerə çıxarıldıqda isə bir düymdəki nöqtələrin sayına deyilir. Bu say da görüntünün dəqiqliyini və keyfiyyətini göstərir. Məsələn, bəzi lazer printerlərinin çözümlülüyü bir düymdə 300 nöqtə, yüksək çözümlülüklü printerlərdə isə bir düymdə 600 – 2000 nöqtə olur. Bəzi hallarda üfüqi və şaquli istiqamətlərdə çözümlülük üst-üstə düşmür. Çözümlülüyün 320 x 200 olması görüntünü əmələ gətirən nöqtələrin iri, görüntünün keyfiyyətinin isə aşağı olmasını göstərir. Çözümlülüyün 1240 x 800 olması görüntünün ibarət olduğu nöqtələrin yetərincə kiçik, görüntünün keyfiyyətinin isə yüksək olması deməkdir. Adi gözlə baxdıqda nöqtələri yalnız o halda sezmək olur ki, printerin çözümlülüyü bir düymdə 600 nöqtədən az olsun. Ancaq bir çox məsələlər üçün çözümlülüyü bir düymə 300 nöqtə olan printerlər tam yetərli olur. Rəngli monitorlarda çözümlülük eyni zamanda əks olunan rənglərin sayından asılı olur. Sənədləşmələrdə bəzən “resolution” yerinə “res” qısaltmasından istifadə olunur.[1]