Çıraqdərə kükürd kolçedanı yatağı — Çıraqdərə yatağı Pantdağ silsiləsinin cənub-şərq yamacında, Kürəkçay çayının sol sahilində yerləşir.[1]
Struktur cəhətdən Çıraqdərə kükürd kolçedanı yatağı Göygöl antiklinoriumunun ox zolağında yerləşir.[1]
Yatağın geoloji quruluşunda üst bayos yaşlı filiz saxlayan riolit-dasit tərkibli effuziv mənşəli süxurlar və onların vulkanoklastolitləri iştirak edir ki, bu süxurlar transqressiv olaraq bat yaşlı andezit, andezit-bazalt tərkibli lava örtükləri və bu tərkibli piroklastik süxurlarla örtülür. Yura yaşlı vulkanogen mənşəli süxurlar kompleksi subvulkanik kütlələrlə, diabaz, qabbro-diabaz tərkibli daykalarla yarılırlar. Ştok formalı filiz cisimləri massiv və möhtəvi pirit filizləşməsi ilə təmsil olunur. Filiz saxlayan riolit-dasit tərkibli süxurlar metasomatik proseslərin təsiri nəticəsində törəmə kvarsitlərə çevrilmiş, möhtəvi və damar tipli kükürd kolçedanı filizləşməsi daşıyır. Yataqda filizləşmə iki fazada baş vermişdir. 1-ci faza geosinklinal inkişafın ilk mərhələsində baş verən intensiv metasomatizm ilə müşayiət olunan iri pirit filizləşmə toplantılarının əmələ gəlməsi ilə səciyyələnir ki, aşağı horizontlarda yüksək temperatur şəraitində pirit, yuxarı horizontlarda isə nisbətən aşağı temperatur şəraitində xalkopirit filizləşməsi əmələ gəlmişdir. Filizləşmənin 2-ci fazası maqmatizmin Kimeric mərhələsi ilə əlaqədar olaraq, mis, mis-sink minerallaşması ilə səciyyələnir. Çıraqdərə yatağının filizləri mineraloji tərkibinə görə pirit, bornit-xalkopirit və tetraedrit-xalkopirit-sfalerit formasiyaları ilə xarakterizə olunur.[1]
Yataqda A+B+C1 kateqoriyaları üzrə 837000 ton kükürd kolçedanı ehtiyatı hesablanmışdır və 1900-cü ildən başlayaraq 1968-ci ilə qədər müxtəlif illərdə yataq fasilələrlə istismar olunmuşdur. Müxtəlif illərdə qızıla aparılmış tədqiqatlar nəticəsində Çıraqdərə yatağının filizlərinin qızıllılığı məlum olunmuşdur. Məlum olmuşdur ki, Çıraqdərə yatağının filizləri 5,0 q/t.-a qədər qızıl daşıyır.[1]