Çatalçeşmə məscidi

Çatalçeşmə məscidi - Türkiyənin Bayburt ilinin Dəmirözü ilçəsinə bağlı Çatalçeşmə kəndində yerləşən qədim məscid.

Çatalçeşmə məscidi
Çatalçeşme köyü camii, Hınzeverek camii
Ölkə Türkiyə
Şəhər Bayburt
Yerləşir Bayburt şəhəri, Dəmirözü ilçəsi, Çatalçeşmə kəndi
Aidiyyatı Osmanlı
Sifarişçi İbrahim Paşa
Tikilmə tarixi 1685

Məscidin günümüzə bir kitabəsi gəlib çıxmadığından tikinti tarixi ilə bağlı dəqiq fikir söyləmək mümkün deyildi. Abidənin yerləşdiyi kənd yerləşdiyi yer baxımından iki tarixi kəndlə qonşudur. Bu kəndlər Ağqoyunlu sülaləsinin mərkəzlərindən olan Sinur və Pulur kəndləridir. Hər iki kənddə Ağqoyunlu dövrü memarlıq abidələri günümüzə qədər gəlib çıxmışdır. Bunlardan biri Sinur kəndində yerləşən Qutlu bəy məscidi digəri isə Pulur kəndində yerləşən Fərruxşad bəy məscididir. Bu baxımdan bəzi tarixçilər həm memarlıq xüsusiyyətlərini əsas alaraq həm də ətraf kəndlərdə Ağqoyunlu sülaləsinin hökm sürməsi səbəbindən Çatalçeşmə məscidini də Ağqoyunlu dövrü memarlıq abidəsi hesab edirdilər.[1] Tarixçi Könül Gürəşsevər və Ara Altun məscidin memarlıq xüsusiyyətlərindən geniş bəhs etdikləri məqalələrində tarixi ilə bağlı yazırdılar:

"Abidənin tarixi ilə bağlı heç bir sənədə rast gəlmədik. Yaxın ərazidəki digər abidələri və bölgədəki siyasi vəziyyəti nəzərə aldıqda məscidin Ağqoyunlu sülaləsindən olan şəxslər tərəfindən inşa edildiyini söyləmək mümkündür."

Bir digər tarixçi Gülyüz Uslu isə Pulur kəndindəki məsciddən bəhs etdiyi məqaləsində "ətrafda demək olar ki eyni plan üzərinə qurulmuş digər bir məscid Çatalçeşmə məscididir" kimi ifadə işlədib.

Buna baxmayaraq yaxın tarixə kimi məscidin hansı ölkəyə aid olması ilə bağlı dəqiq bir sənəd yoxidi. Daha sonra Yunus Özgər tərəfindən İstanbul Osmanlı Arixivində aparılan tədqiqatlar nəticəsində Cevdət Bələdiyyə qeyd dəftərlərində məscidə aid vəqf qeydi aşkar edilmişdir. 21 dekabr 1707-ci il tarixli bu qeyddə yazılır:[2]

" arz-ı bende-i kemineleri budur ki Erzurum Sancağında Kelkid nahiyesinde Hənzeverek nam karyede vaki pederim mehrum İbrahim Paşanın bina eylediği cam-i şerif evkafında.."

Qeyd İbrahim Paşanın oğlunun məscidin vəqfinin məscid xərclərinin istifadəsinə xərclənməsi ilə bağlı müraciətidir. Burada diqqət çəkən əsas məsələ isə məscidin İbrahim Paşa tərəfindən inşa etdirilməsidir. İbrahim Paşa 1640-cı ildə Çatalçeşmə kəndində anadan olmuş və dövlətin müxtəlif vəzifələrində çalışmış şəxsdir.

Bu sənədin aşkar edilməsi ilə məscidin vəqfiyyəsinin axtarılması üçün tədqiqatlar başlamış və nəticədə Vəqflər Müdürlüyü Vəqfiyələr Arxivində Bayburdzadə İbrahim Paşanın vəqfiyyəsi adlı sənəd aşkar edilmişdir. Sənədə əsasən məscidin 1685-ci ildə inşa edildiyini söyləmək mümkündür.[3]

Hörgü konstruksiya sistemi ilə inşa edilən binada material kimi söküntü daşından istifadə edilmişdir. Məscid kvadrat planlıdır. Ziyarətgahın əsas hissəsi səkkizguşəli nağara günbəzlə və yanlarda sərdabələrlə örtülmüşdür.[4] Məscidin qərb divarına bitişik minarəsi bir-birini əvəz edən daş və kərpic materiallarından tikilmiş, tək eyvanlıdır. Daş divarlara birgə suvaq vurulmuş və bütün qərb divarı suvaqla örtülmüşdür. Binanın əsas girişi qərb tərəfdəndir. Giriş daş tağlıdır. Giriş qapısı taxtadandır və bəzəksizdir. Qadın məhfilinə məscidin əsas hissəsindən pilləkənlərlə çıxılır. Buranın məhəccərləri taxta və təzədir. Divarlar və pəncərələrin ətrafı bəzəklidir. Daş qurbangah sadədir. Taxta minbər şəbəkə naxışlı və sadə formadadır. Əsas ibadətgahı örtən günbəz ağ suvaqlıdır və günbəzin içərisində əllə çəkilmiş bəzəklər gözə çarpır.

  1. Özger, 2007. səh. 72
  2. Özger, 2007. səh. 78
  3. Özger, 2007. səh. 76
  4. "catalcesme-koyu-camii". karadeniz.gov.tr (türk). 2023-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-16.

Yunus Özgər. AKKOYUNLU DÖNEMİ ESERİ OLARAK BİLİNEN BİR OSMANLI CAMİİ. İstanbul. 2007. 69–80.