Çaxmaqlı düşərgəsi - Azərbaycanda mustye mədəniyyəti dövrünə aid abidə. Çaxmaqlı düşərgəsi Kiçik Qafqazın aşağı dağlıq ətəyində, İncəsu-Təvədöy çayı hövzələri arasında II Şıxlı kəndindən 7 km cənubda yerləşir. Məmulat yayılan sahə 60x40 m ölçüdədir. Daş məmulatı arasında 365 əşya vardır. Bundan 58-i nüvə, 153-ü alət, 30-u qəlpə və tullantılardır. Düşərgədə boz çaxmaqdaşından istifadə olunmuşdur.
Alətlər aşağıdakı tiplərdən: belli qaşovlar 10, iri, hündür qaşovlar 6, batıq qaşovlar 10, narın dişəkli qaşov 4, tutacaqlı bıçaqlar 5, gəzli alətlər 10, dişlilər 25, uc qaşovları 39 ədəddən ibarət olmuşdur. Uc qaşovları tip dəyişkənliyi, kamil işlənmələri və aydın seriyaları ilə seçilir.
Uclu qaşovların tipləri: yuxarı ucda olanlar – 15, qaşov ağızlı yanlarla birləşənlər – 4, hündür tiplər – 6, buruncuqlu – 2,iki başlı, dimdik çıxıntılı – 6, vurma səthi üstdə olan – 1. Başqa alət növləri: iskənşəkilli – 6, yarpaqşəkilli itiuclu, iti ucu küncdə olan – 7,deşici – 5, qısa iti çıxıntılar (şiplər) -11, dimdikşəkilli alət – 19, çoxvəzifəli alətlər – 3 və kəsərdən ibarətdir.
Nüvələrin abidədə çox işlənməsi ümumən xarakterik xüsusiyyətdir. Digər fərqləndirici cəhət axıradək işlənmiş nüvələrin qaşov, iskənə, uc qaşovu kimi yenidən istifadəyə gətirilməsidir. Nukleusların əksəri qəlpələmə üçün xüsusi hazırlanmış, arxa üzləri yastılanmışdır. Onlar levallua (9) və qeyri-levallua (39) növlərinə ayrılır. Sonuncu qrup nüvələrdə - disşəkilli (20), yarımdisk (3), bir, iki və üç vurma səthli üçbucaq, dördbucaq formalı bir üzü işlənənlər (13), şarşəkilli (2), prizma formalı (4) tiplərə ayrılırlar.
Alət tərkibinin yüksək faizi, çoxnövlüyü, cürbəcür əlavə iş elementləri ilə yüklənməsi sakinlərin burada uzun müddət çoxsahəli fəaliyyət göstərdiklərini bildirir.