Ölmüş elan edilmə

Ölmüş elan edilmə — hər hansı bir şəxsin ölümü ilə bağlı birbaşa sübutun olmadığı (ona aid cəsədin, qalıqların, sümüklərin və s. tapılmadığı və ya qalmadığı) hallarda onun hüquqi baxımdan ölmüş elan edilməsidir.

Beynəlxalq terminologiya olaraq əsasən "ölüm prezumpsiyası" kimi işlədilsə də bu cür ifadə Azərbaycan Respublikasının qanunvericiliyində istifadə olunmur.

Azərbaycan qanunvericiliyində mahiyyəti

[redaktə | mənbəni redaktə et]

Anlayışın mahiyyətinə uyğun müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsində əks olunmuşdur:

Maddə 41. Fiziki şəxsin ölmüş elan edilməsi

[redaktə | mənbəni redaktə et]

41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər.

Maddə 42. Ölmüş elan edilmiş şəxsin gəlməsinin nəticələri

[redaktə | mənbəni redaktə et]

42.1. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. 42.2. Nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər. 42.3. Ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. 42.4. Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır.