Üçyarpaq yonca

Üçyarpaq yonca — paxlakimilər fəsiləsinə aiddir.

Azərbaycan florasında 43 növü yayılmışdır. Onlardan biri şübhəli üçyarpaq çəmən yoncası (Trifolium ambiguum Bieb.) çoxillik bitkidir. Gövdəsi 10-90 sm hündürlüyündə, oduncaqlı, çoxbudaqlı olub yarpaqları tamamilə çılpaqdır. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında toxum verir.

Şübhəli üçyarpaq çəmənyoncası Azərbaycanda, o cümlədən Kiçik Qafqazda, orta və yuxarı dağ qurşaqlarında çəmənliklərdə, meşə kənarlarında və sair yerlərdə geniş ərazidə rast gəlinir. Bu bitki bəzən çəmənlərin edifikatoru kimi ayrıca sərbəst assosiasiya təşkil edir. Çəmən otlarının komponenti kimi müxtəlif çəmən assosiasiyalarına daxil olur. Alp topalının (Festuca varia) bolluq təşkil etdiyi çəmənləşmiş bozqırlarda, möhkəm çim yaradır və yuyulmuş kasıb torpaqlarda ağbığ (Nardus stricta) növünün bolluq təşkil edən sahələrdə və müxtəlif otlu-taxıllı çəmənlərdə yayılmaqla çəmənlərin komponenti sayılır.

Qiymətli yem bitkisidir. Bütün kənd təsərrüfatı heyvanları tərəfindən otlaqlarda və quru ot halında yaxşı yeyilir. Çəməmnlərdə otun məhsuldarlığını artırır. Şübhəli çəmən yoncası rast gəlinən çəmənlərin məhsuldarlığı hər hektardan 17-19 sentner olur. Bu bitki biçənək, otlaq və balverən bitki kimi çox qiymətlidir.

Tərkibində olan "E" vitaminin çoxluğuna əsasən bu bitki ilə zəngin olan otlaqların kənd təsərrüfatı heyvanları tərəfindən yaz və yay aylarında otarmaqla bərabər quru ot halında payız və qış fəsillərində də heyvanlara verilməsi məqsədəuyğundur. Şübhəli çəmənyoncasından lazımı qədər istifadə etmək dölsüzlüyün aradan qalxmasına kömək edər.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Vəkil Xəlilov, Kiçik Qafqazın "E" vitamini ilə zəngin olan yem bitkiləri, "Təhsil" EİM,Bakı-2012

Həmçinin bax[redaktə | mənbəni redaktə et]