Ümumdünya Kitab Günü və ya Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü — 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilmişdir. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. 23 aprel - Vilyam Şekspir, Migel de Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür.
YUNESKO-nun 1995-ci ildə keçirilən 28-ci sessiyasında 23 aprelin Ümumdünya Kitab və Müəlliflik hüququ Günü elan edilməsi bərədə qərar qəbul olunub.
Azərbaycanda Dünya Kitab Günü və ya Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir.[1]
İspaniyada Kitab Günü 1926-cı ildən hər il oktyabrın 7-də, Migel de Servantesin anadan olduğu güman edilən tarixdən qeyd olunmağa başladı.[2] Lakin bu günü açıq havada gəzinti və kitabları vərəqləmək üçün daha xoş bir mövsümdə qeyd etmək daha məqsədəuyğun hesab edilmişdir. Beləliklə, 1930-cu ildə Kral XIII Alfonso, Servantesin ehtimal edilən ölüm tarixi olan 23 apreldə kitab gününün qeyd edilmə tarixinin dəyişdirilməsini təsdiqlədi.[3]
İsveçdə bu gün Världsbokdagen ("Ümumdünya Kitab Günü") kimi tanınır və müəllif hüququ aspekti nadir hallarda qeyd olunur.[4] Adətən aprelin 23-də qeyd olunurdu, Pasxa bayramı ilə toqquşmamaq üçün 2000 və 2011-ci illərdə aprelin 13-nə çəkildi.[5]
Böyük Britaniya və İrlandiyada Ümumdünya Kitab Günü mart ayında hər il ilk cümə axşamı keçirilən və xüsusi nəşrlərin buraxılışı ilə üst-üstə düşən xeyriyyə tədbiridir.[6] Hər il aprelin 23-də qeyd olunan Ümumdünya Kitab Gecəsi müstəqil xeyriyyə təşkilatı The Reading Agency tərəfindən təşkil edilir.
Merilend ştatının Kensinqton şəhərində Beynəlxalq Kitab Günü 26 aprelə ən yaxın bazar günü küçə festivalı ilə qeyd olunur.[7]
2020-ci ildə 15-ci İllik Kensinqton Kitab Festivalı Günü COVID-19 pandemiyası səbəbindən ləğv edildi.