Üsuli-Cədid

Üsuli-cədid (yeni üsul) — Azərbaycanda 1920-ci ilədək məktəb və mədrəsələrdə tətbiq edilən yeni tədris üsulu, mütərəqqi pedaqoji cərəyan. XIX əsrin sonları-XX əsrin əvvəllərində yaranmışdır. Üsuli-cədid məktəblərində dərslər ana dilində keçirilir, rus dili müstəqil fənn kimi tədris edilirdi. Əlifba təlimi yeni üsulla aparılırdı. Üsuli-cədid məktəblərində dövrün qabaqcıl ziyalıları dərs deyirdilər. Azərbaycanda ilk üsuli-cədid məktəbləri S.Ə.Şirvani tərəfindən Şamaxıda (1870), M.T.Sidqi tərəfindən Ordubad (1892) və Naxçıvanda (təxm.1894), M.M.Nəvvab tərəfindən Şuşada (təxm.1895), M.İ.Qasir tərəfindən Lənkəranda (təxm.1896) açılmışdır. Mollalar və dindarlar üsuli-cədid məktəblərini pisləmiş, onu "kafir məktəbi" adlandırmış, tərəfdarlarını təqib etmişdir.